Ermənistanda etirazlara arxiyepiskop rəhbərlik etdi
    • 29-05-2024, 09:50
    • 140

Ermənistanda etirazlara arxiyepiskop rəhbərlik etdi

Ermənistanın 1991-ci ildə işğal etdiyi dörd sərhəd kəndini Azərbaycana qaytarmaq qərarı daxili siyasətdə gərginliyi artırıb.

News24.az xəbər verir ki, Baş nazir Nikol Paşinyana qarşı etirazların mərkəzində “Vətən üçün Tavuş” hərəkatı dayanır.

Bu nümayişlərin ən diqqət çəkən adı: Tavuş yeparxiyasının lideri Baqrat Qalstanyandır.

Bildirək ki, 53 yaşlı Qalstanyan Ermənistanın ikinci böyük şəhəri Gümrüdə anadan olub. Erməni Apostol Kilsəsində müxtəlif vəzifələrdə çalışarkən dini mövzularda televiziya proqramları hazırlayıb.

O, həmçinin Monrealda yerləşən Kanada Erməni Yeparxiyasının arxiyepiskopu vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, Qalstanyanın Kanada vətəndaşlığı da var.

Dini lideri ictimai rəyin mərkəzinə qoyan Azərbaycanla Ermənistan arasında sərhəd kəndlərinin qaytarılması prosesi olub.

Kəndlərin yerləşdiyi Tavuş bölgəsində işləyən Qalstanyan “ərazi güzəşti” adlandırdığı addımdan sonra Tavuşdan İrəvana etiraz yürüşü başlayıb. “Vətən üçün Tavuş” hərəkatına rəhbərlik edən Qalstanyan vətəndaş itaətsizliyinə çağırıb.

Böyük izdiham qarşısında çıxış edən arxiyepiskop Paşinyanı istefaya çağırıb.

Arxiyepiskop kəndlərin qaytarılması qərarını onlar üçün əsas təhlükəsizlik problemi hesab edir.

Qalstanyan sülhün və sərhədlərin müəyyənləşdirilməsinin əleyhinə olmadığını desə də, hazırkı prosesi “qəbuledilməz birtərəfli güzəştlər” kimi qiymətləndirir və təminatsızlığı göstərir.

Mitinqlərdə seçilən arxiyepiskop müxalif siyasətçilər və qeyri-hökumət təşkilatları ilə görüşlər keçirib.

Qalstanyan “Biz daxili harmoniyaya malik, vətənpərvər, icraçı, vətən qarşısında məsuliyyətli, sədaqətli, aydın göstərişlərə əməl edən peşəkarlardan ibarət keçid hökuməti qurmalıyıq” deyib.

Arxiyepiskop Qalstanyan ermənilərin dini lideri katolikos II Qaregindən də “dini statusunu dondurmağı” xahiş etsə də, o, ruhani kimi vəzifəsini tam tərk etməyib.

Arxiyepiskopdan erməni-Kanada ikili vətəndaşlığı barədə soruşduqda, o, Kanada vətəndaşlığının onun üçün sadəcə bir sənəd olduğunu və lazım gələrsə, vətəndaşlıqdan imtina edə biləcəyini deyib.

Paşinyanın sülhə doğru siyasi xəttinə müqavimət göstərən Qalstanyan, görünür, yaxın gələcəkdə Ermənistan siyasətinin diqqət çəkən simalarından biri olmaqda davam edəcək.

Günel Məlikzadə