“Din xadimləri bu yola öz bizneslərini qurub”
    • 30-05-2024, 22:42
    • 340

“Din xadimləri bu yola öz bizneslərini qurub”

Azərbaycanda uzun illərdən bəribelə bir ənənə formalaşıb: vəfat edən şəxsin "qırx"ı çıxana qədər mütləq məzarına başdaşı qoyulmalıdır. Buna əməl etməyən oğul, qız övladını isə adətən qınaq obyektinə çevirirlər.

Ümumiyyətlə, ölünün "qırx"ı çıxana qədər məzar daşının qoyulması məsələsinə İslam dininin münasibəti necədir? Dinimizdə belə bir ehkam varmı?

News24.az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, İslam dinində bu məsələ ilə bağlı heç bir tələb yoxdur:

“Ümumiyyətlə, İslam dini ölənin hansı formada yola salınması, ondan sonra yas verilməsi ilə bağlı heç nə demir. Çünki bu, İslamı maraqlandıran məsələ deyil. İslam və İslamın yeganə mənbəyi olan Quran dirilər üçün, dirilərə yol göstərmək, onlara xəbərdarlıq etmək məqsədilə göndərilib.

Bunu da təəssüflər olsun ki, ölülər üçün oxunan “Yasin” surəsinin 70-ci ayəsindən öyrənirik. Orada diriləri xəbərdar etmək üçün Quranın göndərildiyi bildirilir.

Allah “Yasin” surəsinin 21-ci insanlardan heç bir mənfəət güdməyənlərə tabe olunmasını istəyir.

Ona görə də başdaşı qoymaq, sinə daşı qoydurmaq, ölünün "qırx"ı çıxana qədər məzar daşının qoyulması və s. insanların sonrakı mərhələlərdə özlərindən çıxardığı bir yanaşmadır. Ola bilsin ki, məzar sexlərinin rəhbərləri ilə anlaşaraq və ya din xadimləri özləri belə sexlər açaraq bu cür fikirlər formalaşdırıb və öz bizneslərini qurublar.

Necə ki, məscidlərə o qədər insan gəlmir, amma onun yanındakı mərasim evinə məscidə gələndən qat-qat daha çox insan yığışır. Deməli, burada nə isə fərqli və qəribə məsələ var. Dində belə bir anlayış yoxdur və ölünün "qırx"ı çıxana qədər məzardaşı qoyulması məsələsinin  dinə yaxından-uzaqdan aidiyyatı yoxdur”.