Azərbaycanlı astronavt: “Prezidentin verdiyi bayrağı kosmosa aparacam”
    • 6-06-2024, 15:03
    • 159

Azərbaycanlı astronavt: “Prezidentin verdiyi bayrağı kosmosa aparacam”

Türkiyənin ikinci astronavtı Tuva Cihangir Ataseverin kosmosa səfəri iyun ayında baş tutacaq.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, o 1,5 saatlıq elmi missiya çərçivəsində 7 elmi təcrübə həyata keçirəcək.

Astronavt Tuva Cihangir Ataseverin suborbital uçuşu hava şəraiti uyğun olarsa, 8 iyun tarixində ABŞ-nin Nyu-Meksiko ştatındakı “Vircin Qalaktik” şirkətinə aid məkandan reallaşacaq.

Təxminən 1,5 saat davam etməsi planlaşdırılan uçuşda astronavtımızı daşıyacaq "VSS Unity" suborbital vasitəsi əvvəlcə daşıyıcı təyyarə ilə təxminən 14 kilometr yüksəkliyə çıxacaq. Daha sonra hibrid yanacaqla işləyən raket mühərrikini yandıracaq və 85 km-dən 90 km-ə qədər yüksəkliyə çatacaq. Təxminən 3 dəqiqə davam edəcək sərbəst düşmədə bioloji molekullar, gen analizi, insulin qələm testi, radiasiya analizi kimi təcrübələr aparılacaq.

Ataseverin həyata keçirəcəyi təcrübələrin alimlərin tədqiqatlarına mühüm töhfələr verəcəyi gözlənilir.

Tuva Cihangir Atasever “Anadolu” agentliyinə müsahibəsində deyib ki, uçuş zamanı Türkiyə və Azərbaycan bayraqlarını özü ilə götürəcək:

“2023-cü ilin aprelində TEKNOFEST-dəki təqdimatımızda möhtərəm Prezidentimizin verdiyi bayraq mənimlə olacaq. Anamın vətəni olan Azərbaycanın bayrağı sinəmdə, Türkiyə bayrağının düz yanında olacaq. Bu iki bayraq burada yan-yana, iki xalq çiyin-çiyinə olduğu kimi, kosmos səyahətim boyu da yan-yana olacaqlar. Bundan əlavə, ailəmin və yaxın həmkarlarımın kosmosa aparmaq üçün mənə təhvil verdiyi bəzi kiçik əşyalar da yanımda olacaq”.

Qeyd edək ki, Tuva Cihangir Atasever 12 avqust 1992-ci ildə Ankarada anadan olub. Bilkent Universitetinin Elektrik və Elektronika Mühəndisliyi fakültəsini bitirib. Daha sonra Kaliforniya Universitetində, İrvendə elektrik və elektronika mühəndisliyi üzrə magistr dərəcəsi qazanıb. Daha sonra 5 il ROKETSAN-da avionik sistem mühəndisi vəzifəsində çalışıb.