Bu ada su altında qalacaq
    • 13-06-2024, 13:36
    • 162

Bu ada su altında qalacaq

Qədim Yunanıstanın ən əhəmiyyətli mədəni irslərindən biri olan Delos adası 50 il ərzində Egey dənizinin dərin sularının altında qala bilər.

News24.az xəbər verir ki, dərin mavi sularla əhatə olunmuş Delosun 2000 illik strukturları Ellinistik və Roma dövrlərindəki gündəlik həyat haqqında məlumat verir.

Lakin alimlər xəbərdarlıq edirlər ki, daş aslanlarla qorunan məbədləri ilə tanınan bölgə, iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin qalxması səbəbindən əbədi olaraq yox ola bilər.

Yunan dövlətinin icazəsi ilə son 150 ildə bölgədə qazıntı işləri aparan Fransız Arxeologiya Məktəbinin (EFA) rəhbəri Veronique Chankowski, "Delos təxminən 50 il sonra yox olmağa məhkumdur" deyib.

Ən böyük struktur ziyan ticarət və anbar binalarının yerləşdiyi və ziyarətçilər üçün əlçatmaz olan ərazidə müşahidə olunur.

Fransanın Delosdakı missiyasının direktoru və Fransa Dövlət Qədim Memarlıq Tədqiqat İnstitutunun (IRAA) tədqiqatçısı Jan-Şarlz Moretti deyib: 

"Su qışda tikililər arasında olur. O, divarların əsasını aşındırır".

Son 40 ildə adada qazıntılara qatılan Moretti, "Hər il yaz aylarında yeni divarların söküldüyünə diqqət yetirirəm" deyib.

Çankovski əlavə edib ki, 10 il ərzində adanın bəzi yerlərində dəniz səviyyəsi 20 metrə qədər yüksəlib.

Ötən il Salonikidəki Aristotelio Universitetinin apardığı araşdırma nəticəsində məlum olub ki, temperaturun yüksəlməsi yüksək rütubətlə birlikdə mədəni irs abidələrində istifadə olunan bəzi materialların kimyəvi tərkibinə əhəmiyyətli dərəcədə təsir edə bilər.

Qədim yunanlara görə Delos işıq, incəsənət və müalicə tanrısı Apollon, onun bacısı ov ilahəsi Artemidanın doğulduğu yer olub.

Qardaşlar həm yunanlar, həm də romalılar tərəfindən hörmət edilən əsas tanrılar arasında idi.

Günel Məlikzadə