Macarıstan Aİ iclasından kənarlaşdırıldı
    • 23-07-2024, 10:36
    • 222

Macarıstan Aİ iclasından kənarlaşdırıldı

Avropa İttifaqı Ukraynadakı müharibə ilə bağlı mövqeyinə görə Macarıstanın xarici işlər və müdafiə nazirlərinin görüşünə ev sahibliyi etmək hüququndan məhrum edib.

News24.az xəbər verir ki, bu qərar Macarıstanın baş naziri Viktor Orbanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra verilib.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Macarıstanın hərəkətlərinin nəticələrinin olması lazım olduğunu ifadə edərək, "Simvolik bir siqnal olsa belə, siqnal göndərməliyik" dedi. Macarıstan isə bu hərəkəti "tamamilə uşaqlıq" adlandırıb.

Aİ-nin xarici işlər və müdafiə nazirləri blokun üzləşdiyi ən böyük qlobal problemləri müzakirə etmək üçün hər altı aydan bir qeyri-rəsmi görüşlər keçirirlər. Növbəti görüşlər 28-30 avqustda Budapeştdə keçirilməli idi, lakin Borrell görüşlərin Brüsseldə keçiriləcəyini açıqlayıb.

Orbanın Putinlə görüşündən sonra Aİ-ni “müharibə tərəfdarı siyasət” yürütməkdə ittiham edən bəyanatlarına istinad edən Borrell, “Mən deyə bilərəm ki, bütün üzv dövlətlər – bir istisna olmaqla – bu davranışa çox tənqidi yanaşır”.

Qeyd edək ki, Macarıstanın xarici işlər naziri Peter Szijjarto qərardan sonra Facebook-da yazıb: "Bu, uşaq bağçasında olmaq kimidir".

Orbanın Putinlə görüşü Macarıstanın şura sədrliyini təhvil almasından bir neçə gün sonra başlatdığı “sülh missiyası” çərçivəsində baş tutub. Bu müddət ərzində o, həmçinin Ukrayna və Çin liderləri, ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa baş çəkib.

Günel Məlikzadə