Hacı Məmmədovun bandasının üzvü azadlığa buraxıldı
    • Bu gün, 12:09
    • 62

Hacı Məmmədovun bandasının üzvü azadlığa buraxıldı

Hacı Məmmədovun bandasının üzvü olan, sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etməkdə təqsirləndirilən Hüseynağa Zərbəliyevə hökm oxunub.

News24.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Hüseynağa Zərbəliyev məhkəmə zalından azadlığa buraxılıb.

Belə ki, Hüseynağa Zərbəliyevin ittiham olunduğu 01.09.2000-ci il tarixədək qüvvədə olan Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi və 146-cı maddəsi üzrə, həmçinin hazırki Cinayət Məcəlləsinin 217.2-ci maddəsi üzrə həmin cinayət Məcəlləsinin 44-cü maddəsində nəzərədə tutulan 15 il keçib. Buna görə də şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Qeyd edək ki, H.Zərbəliyevə qarşı Cinayət Məcəlləsinin 217.2-ci (Banditizm, Sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqla müəyyən olunub ki, H.Zərbəliyev qeyriləri ilə sabit silahlı qrupun (banda) törətdiyi basqında iştirak edərək Tofiq Bayramovu həyatı və səhhəti üçün təhlükəli üsulla və ona fiziki iztirab verməklə qanunsuz azadlıqdan məhrum edib.

Belə ki, o, 1996-cı ilin iyul ayında Bakı şəhərində əvvəllər tanıdığı Abuzər Abuzərovun paytaxt sakini Tofiq Bayramova basqın edib onu oğurlamaq, azadlıqdan qanunsuz məhrum etmək və hədə-qorxu ilə külli miqdarda əmlakını tələb edib almaq məqsədilə təşkil etdiyi sabit silahlı qrupa - bandaya Səyyad Allahverdiyev, Qabil Ağayev, Afər Kərimov və qeyriləri ilə birlikdə üzv kimi daxil olub.

Təqsiləndirilən şəxsin Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilərək ömürlük həbs cəza almış Hacı Məmmədovla (vəfat edib - red.) əlaqəsinin olduğu bildirilir.//report