Olimpiya medalı keyfiyyətsizdir, metal örtüyü çatlayır, solur
    • Bu gün, 20:08
    • 45

Olimpiya medalı keyfiyyətsizdir, metal örtüyü çatlayır, solur

2024-cü ildə Parisdə (Fransa) keçirilən Olimpiya Oyunlarında bürünc medal qazanan ABŞ milli komandasının skeytbordçusu Nijah Hyuston yarışdan cəmi bir həftə sonra mükafatının başına gələnləri göstərib.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, 29 yaşlı Hyuston İnstaqramda medalının vəziyyətini paylaşaraq onun yeni olanda çox daha gözəl göründüyünü qeyd edib.

"Bu Olimpiya medalları yenicə alınanda heyrətamiz görünür. Ancaq mən bir az tərləmiş bədənimdə gəzdirdikdən sonra onu həftəsonu dostlarıma verdim", - deyə idmançı medalın hazırkı vəziyyətini göstərib.

Hyustonun yaydığı videodan görünür ki, medalın bürünclə örtülməsi bir neçə yerdə catlayıb və solğunlaşıb.

"Görünür, onların keyfiyyəti gözlənilən qədər yüksək deyil", - idmançı deyib.

Hyuston sosial media hesabında əlavə edib: "Məncə, Olimpiya medallarının keyfiyyəti bir az yaxşılaşmalıdır".

Ola bilər, bu hal yalnız bürünc medallara aiddir. Əgər qızıl və gümüş medalların da başına eyni aqibət gəlsə, bu, o demək olacaq ki, təşkilatçılar medalları hazırlayarkən qiymətli metallara ciddi şəkildə qənaət ediblər.