Müdafiə nazirindən İranla bağlı əmr: Hücum bölmələri bölgəyə göndərilir
    • 12-08-2024, 14:57
    • 4 699

Müdafiə nazirindən İranla bağlı əmr: Hücum bölmələri bölgəyə göndərilir

ABŞ Yaxın Şərqə “USS Georgia” nüvə sualtı və “USS Abraham Lincoln” təyyarədaşıyan gəmilərini göndərir. Müvafiq əmri ABŞ müdafiə naziri Lloyd Ostin verib.

News24.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ostinin israilli həmkarı Yoav Qalantla telefon danışığının nəticələri barədə açıqlamasında Pentaqon sözçüsü Pat Rayder məlumat verib.

Pentaqon rəhbəri ABŞ-nin İsraili qorumaq üçün bütün mümkün addımlara sadiqliyini təsdiqləyib. Ostin həmçinin gərginliyin artması fonunda Vaşinqtonun bölgədəki hərbi varlığının gücləndirilməsini vurğulayıb.

O, F-35C qırıcıları ilə təchiz edilmiş “USS Abraham Lincoln” təyyarədaşıyan zərbə qrupunun bölgəyə göndərilməsini sürətləndirməyi əmr edib. Bu, aviadaşıyıcı zərbə qrupu “USS Teodor Ruzvelt”in regionda təmin etdiyi imkanları artırmalıdır. Onlara “USS Georgia” idarəolunan raket sualtı gəmisi də qoşulacaq.

Ostin və Qalant İsrailin Qəzzadakı əməliyyatları, atəşkəs və girovların azad edilməsi məsələlərini də müzakirə edib. Mövzular arasında İran, “Hizbullah”ı və regiondakı digər qruplaşmaların hücumunun qarşısını almaq olub.

ABŞ İrandan gələn təhdidlər səbəbindən Yaxın Şərqdəki hərbi qüvvələrinin sayını artırır. “Röyter”in məlumatına görə, Vaşinqton Tehranın HƏMAS lideri İsmayıl Həniyənin öldürülməsinə cavab vədinə hazırlaşır.

“Politiko” yazır ki, ABŞ administrasiyası İranı İsrailə hücum qərarını yenidən nəzərdən keçirməyə inandırmaqla, Yaxın Şərqdə münaqişənin kəskinləşməsinin qarşısını almağa çalışır.