“Öz yaxınlarının məzarını təmizləyir, zibili isə ətrafa tullayırlar...”
    • Bu gün, 17:53
    • 93

“Öz yaxınlarının məzarını təmizləyir, zibili isə ətrafa tullayırlar...”

“Yasamal rayonunda yerləşən “Qurd qapısı” qəbiristanlığında antisanitar vəziyyət hökm sürür. Məzarların arası zir-zibil, qurumuş ağac budaqları, su şüşələri və digər tullantılarla doludur. Natəmizlikdən addım atmaq mümkün deyil”.

News24.az bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya Bakı sakini Rəna Abbasova müraciət edib. 

O iddia edir ki, bir çox hallarda vətəndaşlar ziyarət etdikləri məzarları təmizləyib digər məzarların ətrafına tökürlər, qəbiristanlığı yığışdıran, təmizliyə nəzarət edən yoxdur: “Qəbiristanlığın dərə hissəsi təzədir deyə bir az nəzarət var. Amma köhnə hissəsi biabırçı vəziyyətdədir. Ziyarətə gələnlərin hərəsi öz yaxınının qəbrinin üstünü təmizləyir. Həmçinin ərazidə işləyən fəhlələr məzarları təmir etdikdən sonra əlcəkləri, işlətdikləri ləvazimatları ətrafa tullayaraq zibilləyirlər. Biz ancaq öz yaxınımızın məzarının üstünü təmizləyirik, bütün qəbiristanlığı təmizləyə bilmərik ki... İllərdir bu problemə çarə tapan yoxdur”.

Problemlə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, sözügedən ərazi vaxtlı-vaxtında təmizlənir: “Ora təxminən 312 hektar ərazidir və əməkdaşlarımız tərəfindən gündəlik təmizlənir. Zibilləri komalayıb bir yerə yığırlar ki, həftədə 2 dəfə maşınla daşısınlar. Hazırda da həmin ərazi tullantılardan təmizlənib, zibillər daşınıb”.

Trestdən əlavə olaraq deyilib ki, məzarlığa ziyarətə gələn şəxslər və ya yaxınlarının məzarında təmir işləri aparanlar bir çox hallarda zibilləri digər məzarlara və yola tökürlər: “Vətəndaşlara tövsiyə edərdik ki, öz tullantılarını digər məzarların ətrafına deyil, tullantı yerinə töksünlər. Belə olsa, məzarlıq təmiz qalar, hər kəs rahatlıqla gəlib yaxınlarını ziyarət edə bilər”.

Qurum, həmçinin məzarlıqda təmizlik işlərinin aparıldığını əks etdirən görüntüləri bizə göndərib: