Prokuror yeznəsinə 7 bıçaq vurana CƏZA İSTƏDİ
    • 6-09-2019, 15:11
    • 830

Prokuror yeznəsinə 7 bıçaq vurana CƏZA İSTƏDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini öldürməyə cəhddə təqsirləndirilən Bəhram Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfi çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 13-də davam edəcək.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elçin Məsimov evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü B.Yaqubovla mübahisə edib.

Mübahisə dava ilə nəticələnib və B.Yaqubov E.Məsimova 7 bıçaq zərbəsi vurub. Yaralı koma vəziyyətində 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

B.Yaqubova Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib. /report/