-
- 16-11-2019, 18:51
- 1 171
"Miri Yusif kimi Azərbaycanın Xalq artisti olmaq istəyirəm" Cem Yılmaz Bakıda
Türkiyəli şoumen, aktyor Cem Yılmaz Bakının qonağıdır.
News24.az xəbər verir ki, aktyor media nümayəndələri ilə görüşüb, onların suallarını cavablandırıb: "Gəldiyim dəqiqədən hər kəs mənim zarafatlarıma gülür, hətta hava limanında pasport yoxlanması zamanı da məni tanıdılar. Çox mehribancasına qarşılandım. Əgər öhdəsindən gələ bilsəm, şou da gözəl keçsə, dostlarımı da Bakıya gətirəcəyəm. Bakını az da olsa gəzdim, sabah daha çox vaxtım olacaq. Doyunca gəzə bilərəm. Gözəl bir yerdir. İki gün sonra Türkiyəyə geri qayıdacağam, amma ürəyimdə qalacaq. Buradan gözəl bir tar alıb, dostuma aparacağam. Mən bu gün nə danışsam gülməli olacaq. Dillərimiz fərqli olsa da, düşünürəm ki, zarafatlarımı hər kəs anlayacaq. Çünki burda illərlə məni, yaradıcılığımı izləyənlər kifayət qədərdir. Bugünkü proqramda 6 il boyunca yaşadığım günlərdən bəhs olunur. Uşağımın doğulması, insani duyğularım, müəyyən dərəcədəki keçmişim. Bu arada kim aktyor olmaq istəyirsə, çıxışımla ona mane olmağa çalışacağam".
Yılmaz daha sonra "Tarkanla organik bir bağımız var. Bilet qiymətilərim açıqlananda elə bildim Tarkan gəlir. Sənət adamlarının işi çətindir. Ona görə də gecədə sənət dostlarımdan da danışacağam" sözlərini əlavə edib.
Cem Azərbaycan sənətçilərindən tanıdıqlarının adını açıqlayıb: "Azərbaycanlı sənətçiləri tanıyıram. Xüsusi olaraq, musiqisi ilə maraqlanıram. Bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olaram. Azərbaycanın Xalq artisti olmaq istəyirəm. Aygün Kazımovanı, İradə İbrahimovanı, Raufu tanıyıram. Amma azərbaycanlı standupçıları tanımıram. Güman edirəm ki, burda da bir film çəkərik".
Aktyor bildirib ki, tamaşaçı kimi öz zarafatlarına çox gülür: "Təbii ki, zarafatlarıma gülürəm. Başqa cür ola bilməz, çünki pulsuz özümü əyləndirirəm. Gülməyi çox sevirəm. Mən daim özümün güldüyüm məqamları, tamaşaçılarımla paylaşıram".
C.Yılmaz mətbuat konfransında bildirib ki, türkiyəli məşhur Mehmet Ali Erbilin ziyarətinə getməyib. O, həmçinin heç kimlə rəqabət aparmadığını xüsusi vurğulayıb.
Aktyor maraqlı açıqlama verib: "Mən güzgüyə baxanda da gülürəm. İnsan gərək sevincini həm də, kədərini paylaşmağı bacarsın. Ancaq səhnədə tək olmaq yaxşıdır, həyatda yox. Kiminləsə bərabər gülmək, nəyisə paylaşmaq xüsusiyyəti məni ağlada bilər. Çünki gülüşlə, kədər bir-biri ilə qardaşdılar. Düzdür, komediya ustaları hər şeyə tənqidlə yanaşırlar, amma hər bir hekayədə ironiya ilə yanaşı, gülüş də var. Bir şeyə öncə gülərsən, sonra isə anlayarsan ki, sən də, o hərəkəti edirsən. Bəziləri düşünür ki, mən aqresivəm, amma qətiyyən elə deyil. Çünki sərt olsaydım, bu sənətlə məşğul ola bilməzdim. Mən sevgi kəpənəyiyəm. Oğlumun 7 yaşı var. Onun aktyor olmasını istəmirəm".
Aktyor dostlarından da söhbət açıb: "Yanımda olan məşhurlarla 25 il öncə eyni yolda addımlamağa başladıq və hər birimiz məşhur olduq. Təbii ki, məşhur olmayan dostlarım da var, amma onlar da tanınmaq istəyirlər".
"Bakıdan ev almaq istəyərdinizmi? " sualına aktyor bu cür cavab verib: "Ev alım? Bunu siz "Topaz"da çalışanlara deyin. Sevilmək çox gözəl hissdir. Düşünürəm ki, Bakı təkcə iş üçün yox, həmçinin gözəl və unudulmaz vaxt keçirtmək üçün möhtəşəm yerdir".
Sevda Bayramova
FOTO: Fərid Şabanov