Alessandro Frakassetti:
    • 10-12-2019, 18:13
    • 603

Alessandro Frakassetti: "Azərbaycan hökuməti ilə sıx işləmək əzmindəyik"

"Dünyada təxminən 1 milyard könüllü var və onlar hər gün çalışırlar ki, bizim yaşadığımız və işlədiyimiz cəmiyyətlərə töhfə versinlər. Kömək lazım olanda, böhran, təhlükə yarananda insanların yardımına yetişən ilk olaraq könüllülər olur".

News24.az xəbər verir ki, bunu BMT nin İnkifşaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsi Alessandro Frakassetti Azərbaycan tələbə -könüllülərinin Forumunda bildirib. Onun sözlərinə görə, hazırda dünyada BMT-nin 40-a yaxın təşkilatı daxilində 8000-ə yaxın könüllü çalışır:"Onlar bizi iqlim dəyişikliyindən tutmuş səhiyyə sektoruna qədər, inklüzivlik, lazımi iş imkanları, keyfiyyətli təhsil sahələrdə və s.-də bizi daha böyük işlər görməyə ilhamlandırırlar. İstər BMT, istərsə də dövlət qulluğu sahəsində karyera imkanlarına baxsanız bu işlər daha yaxşı könüllülükdən başlayır".

A.Frakassetti onu da bildirib ki, Bakı şəhərində bir çox tədbirlər təşkil olunur:"Biz yayda ilk dəfə Bakıda inklüzivliklə bağlı iki günlük müsabiqə həyata keçirdik və bu tədbirdə də könüllülərin bizə çox böyük yardımı oldu.

1992-ci ildən BMT Azərbaycanda fəaliyyət göstərir. Burada gənclərlə çox yaxından işləmişik, məşğulluq, təhsil, sosial-iqtisadi inkişaf, ətraf mühit baxımdan Azərbaycan hökumətində olan tərəfdaşlarımızla, nazirliklərlə çalışmışıq. Biz burada həmçinin BMT-nin modeli hərəkatının əsasını qoymuşuq. Bu səylərimiz nəticəsində 9 universitet daxilində BMT modeli klubları yaradılıb. 2016-cı ildə BMT-nin modeli ilə əlaqədar Azərbaycanda ilk milli konfrans keçirdik".

Dayanıqlı İnkişaf Məqsədlərinə gəldikdə isə A.Frakassetti deyib ki, hələ 2012-ci ildə BMT səviyyəsində 192 ölkə, demək olar ki, bütün dövlətlər Dayanıqlı İnkişaf Məqsədlərinə imza atıb:"Həmin ölkələr Proqrama qoşularkən Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinin 2030-cu ilə qədər icrası öhdəliyini üzərinə götürüblər. Həmin müddət üçün 10 il var. Lakin hazırki vəziyyət, yəni həmin hədəflərə nail ola biləcəyimizlə bağlı vəziyyət heç də ürəkaçan deyil. Dayanıqlı İnkişaf Məqsədlərinə gəldikdə bunlar sırf hökumətlərə aid olan məsələlər deyil, bu işdə həm cəmiyyət, həm ziyalı dairələr, həm gənclər, vətəndaş cəmiyyətinin üzvləri burada iştirak etməlidilər. Bütün bu işləri könüllülər olmadan təsəvvür edə bilmərik. Eyni zamanda, qeyd edim ki, biz Azərbaycan hökuməti ilə çox sıx işləmək əzmindəyik".

Afaq Mirayiq