"Sözün düzü, elə şeirlərimə mahnılar yazılıb ki..." - RAMİZ RÖVŞƏN - FOTOLAR - VİDEO
    • 19-12-2019, 13:36
    • 1 124

"Sözün düzü, elə şeirlərimə mahnılar yazılıb ki..." - RAMİZ RÖVŞƏN - FOTOLAR - VİDEO

Ötən gecə Xalq şairi Ramiz Rövşənin şeirləri əsasında yazılan mahnılar və muğam parçalarından ibarət "Qəfil gün doğsa bir gecə" adlı konsert baş tutub.

News24.az xəbər verir ki, konsert proqramında mədəniyyət və ictimai xadimlər, dövlət rəsmiləri iştirak ediblər. Gecədə Xalq artisti Nəzakət Teymurova və Əməkdar artist Ehtiram Hüseynov musiqili parçalar səsləndiriblər. Səhnədə ifaçıları Eyvaz Haşımovun "Hicaz" qrupu müşayiət edib. Bir-birindən zəngin və rəngarəng ifalar zamanı həmçinin də "YUĞ" Dövlət Teatrının dörd aktyoru çıxış edib.  
Anşlaqla keçən konsert dinləyicilərin gür alqışları ilə sonlandırılıb.

Xalq şairi Ramiz Rövşən konsert haqda fikirlərini dilə gətirib: "Konsert çox rəngarəng keçdi. Sağ olsun dostlarım, bu cür maraqlı proqram hazırlayıblar. Qarışıq estetikalar oldu. Sözün düzü, elə şeirlərimə mahnılar yazılıb ki, bunu heç vaxt gözləməzdim. Mahnıların müəllifi Eyvaz Haşımovdur. Gözəl musiqiçidir. Bu konsertin qəhrəmanları Nəzakət xanım Teymurova ilə Ehtiram bəy Hüseynovdur. Mənim şeirlərimə kim mahnı yazıbsa, onları bir-birindən ayırmıram. Hamısını bəyənirəm".

Xalq artisti Nəzakət Teymurova gecəni belə qiymətləndirib: "Artıq bir neçə aydır Ehtiramla bu konsertə hazırlaşırdıq. Məsuliyyətli işi öz öhdəmizə götürdük. Ehtiramla ilkə imza atdıq. Çünki Ehtiram mənim ən sevimli sənətkarımdır. Baxmayaraq ki, hələ gəncdir, amma tamaşaçıların ürəyinə yol tapmağı bacarıb. Xalqımız onu çox sevir. Çalışacam ki, bundan sonrakı ilklərə elə Ehtiramla birgə imza ataq. Ramiz Rövşənin yaradıcılığına müraciət edəndə hər şeyə diqqətlə və məsuliyyətlə yanaşmışıq. Onun yaradıcılığından ifa etdikçə insan daxilən saflaşır. Mənəviyyatımız təmizlənir. Belə sənətkarlar çox azdır və ona görə də onları qoruyub sevmək lazımdır.  

Əməkdar artist Ehtiram Hüseynov da konsertdən söz açıb: "Gələn hər kəsə təşəkkürümü bildirirəm. Güman edirəm ki, tamaşaçılar bizdən razı qaldılar. Düşünürəm ki, maraqlı alındı. Nəzakət xanımla verilişlərdə duet oxumuşuq, amma bu gün bu cür böyük, əhatəli, möhtəşəm sarayda çıxış etmək qürur vericidir. Bu gecədə bizi sənətçi dostlarımız da, tək qoymadılar. Var olsunlar".

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov