Bakıda həbs edilən məşhur şirkət rəhbərinə yeni CİNAYƏT İŞİ AÇILDI
    • 24-12-2019, 10:22
    • 784

Bakıda həbs edilən məşhur şirkət rəhbərinə yeni CİNAYƏT İŞİ AÇILDI

Bir müddət əvvəl Bakıda vətəndaşlara qarşı dələduzluq etmək ittihamı ilə həbs edilən iş adamı Azad Həsənova yeni cinayət işi açılıb.

News24.az- ın məlumatına görə, A.Həsənov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci, yəni, vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə yeni cinayət işi açılıb. İş üzrə Mirsəməd Mustafayev zərərçəkən şəxs qismində tanınıb. Artıq cinayət işinin bitidai istintaqı başa çatıb və materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim Fərid Yaqubovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, A.Həsənov Etalon İnşaat" MTK-ya rəhbərlik edib. Bir müddət əvvəl onun da daxil olduğu bir qrup şəxs barəsində Baş Prokurorluq da məlumat yaymışdı. Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla "Etalon İnşaat" MTK tərəfindən paytaxtın Xətai rayonu ərazisində tikilməkdə olan yaşayış binasındakı mənzillərin aldatma yolu ilə təkrar olaraq ayrı-ayrı şəxslərə satılması aşkar edilmişdi. Həmin məlumatda bildirilirdi ki, ilkin araşdırmalarla müəyyən edilib ki, "Əzizbəyov-KM" MMC-nin sifarişi ilə 2006-cı ildə inşasına başlanılmış yaşayış binasındakı bir neçə mənzil "Etalon İnşaat" MTK-nın vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqelərindən sui-istifadə etməklə ayrı-ayrı şəxslərə satılıb.

Bildirək ki, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən bina "Etalon inşaat" MTK tərəfindən tikilib. Bina tam başa çatmamış "Əzizbəyov-KM" MMC-yə verilib. Amma binanı inşa edən MTK mənzillərdən bəzilərini satıbmış. Ancaq "Əzizbəyov-KM" MMC həmin satılan mənzillərə verilən sənədləri etibarsız sayaraq yenidən satışa çıxarıb. Bunun nəticəsi olaraq da bir çox mənzillərlə bağlı mübahisəli vəziyyət yaranıb. Bu proseslər 2012-2013-cü illərdə başlayıb. Artıq 4 ilə yaxındır ki, məhkəmə çəkişmələri davam edir.

Məhkəmənin hökmü ilə Azad Həsənov 8 il, Elnur Vəliyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.