Özəl məktəblər mart ayı üçün ödənilən təhsil haqqlarını geri qaytaracaq- EKSKLÜZİV
    • 11-03-2020, 18:55
    • 1 610

Özəl məktəblər mart ayı üçün ödənilən təhsil haqqlarını geri qaytaracaq- EKSKLÜZİV

Nazirlər Kabinetinin məktəblərdə dərslərin martın 27-dək təxirə salınması ilə bağlı qərarından sonra bir çox suallar ortaya çıxıb. Özəl məktəb, bağça, lisey və məktəbəqədər təhsil müəssisələrində ödənilən təhsil haqqı valideynlərə geri qaytarılacaqmı? Çünki bəzi valideynlərə dərs keçilmədiyi təqdirdə də, ödənişin qüvvədə olduğu bildirilib. 

Bunu aydınlaşdırmaq üçün bir neçə özəl təhsil müəssisəsi ilə əlaqə saxladıq.
  
“Kaspi” Təhsil Şirkətinin mətbuat katibi Zibeydə İbrahimova News24.az-a bildirib ki, şirkətdə həm abituriyent, həm dil kursları, həm də liseylər fəaliyyət göstərir: “Təhsil Nazirliyi tərəfindən nə qaydalar tətbiq edilirsə, liseylərdə də onlar həyata keçirilir. Bizdə valideynlərlə dərs ilinin əvvəlində müqavilə imzalanır. Həmin müqavilədə şərtlər göstərilir. Bu müqavilənin şərtlərinə əsasən, mart ayı üçün ödənilən məbləğ geri qaytarılacaq”.

Z.İbrahimova “Kaspi”nin abituriyent və dil kurslarında, uşaq bağçalarında dərs keçilməyən müddət üçün ödənişin alınmayacağını bildirib: “Uşaq bağçalarında da təlim-tərbiyə işləri təxirə salındığı üçün valideynlərdən ödəniş alınmayacaq. Abituriyentlər üçün isə onlayn dərslər təşkil olunur, həmin qərar artıq bu gündən qüvvədədir. Distant təhsil formatına keçmişik, yəni dərslər onlayn şəkildə izlənilir və abituriyentə göndərilir. Həm də bu dərsləri yalnız öz abituriyentlərimiz üçün deyil, bütün abituriyentlər üçün açıq şəkildə paylaşırıq”.  
Bakı Atatatürk liseyindən isə bildirilib ki, təhsil üçün ödənilən məbləğ geri qaytarılmayacaq: “Məbləğ qaytarılmayacaq. Çünki dərslər əvəz olunacaq. Yəni ödənilən məbləğ növbəti aya keçirilir”.  

Müasir İnnovasiyalar Liseyinin direktoru Sevinc Əliyevanın sözlərinə görə, rəhbərlik etdiyi təhsil müəssisəsində ödəniş aylıq edilir: “ Bizdə dərslərin təxirə salınması ilə bağlı qərar çıxan gündən onlayn- distant formada bütün qruplarda dərslərə başlanıb. Hamı bilir ki, ölkə rəhbərliyi uşaqların xeyrinə bunu edib, ona görə də etiraz edən olmayıb”. 

Lisey rəhbəri bildirib ki, məktəbdə ödənişlər dərslər açılandan sonra ediləcək: “Biz danışıb valideynlərə hər şeyi başa salmışıq. Onlar ödənişləri edəcəklər, dərslər başladıqdan sonra da əskikliklər varsa, saatlar təyin olunub əlavə dərslər keçiriləcək”. 

“Zəngi” liseyinin direktoru Almaz Əskərova isə təhsil ocağının nəzdindəki özəl məktəbəqədər hazırlıq qrupları üçün ödənişin yalnız uşağın təhsil aldığı ay üçün həyata keçirildiyini bildirib: “Məktəbəqədər qruplarda ödənişlər yalnız oxuduğu aylar üçün edilib. Əgər mart ayı üçün ödəniş edilibsə, həmin məbləğ gələn aylara keçiriləcək, yəni aprel ayına keçiriləcək”. 

Afaq Mirayiq