DİM “Fərdi inkişafa dəstək” layihəsini təqdim etdi-VİDEO
    • 28-04-2020, 09:38
    • 733

DİM “Fərdi inkişafa dəstək” layihəsini təqdim etdi-VİDEO

Dövlət İmtahan Mərkəzinin “Fərdi inkişafa dəstək” layihəsi təqdim edib.

Qurumdan News24.az-a verilən məlumata görə, hazırlanan növbəti videoçarx stereotip haqqındadır. 

Stereotip hadisələr, insanlar, ölkələr və s. haqqında geniş yayılmış yanlış düşüncəyə deyilir. Hər bir cəmiyyətin özünəməxsus stereotipləri var. Hətta qlobal miqyaslı stereotiplər də var.

Məsələn, dünyada ən geniş yayılmış stereotiplərdən biri qadınların riyazi düşünmə qabiliyyətinin kişilərə nisbətən zəif olması ilə bağlıdır. Həmçinin Uzaq Şərqi asiyalıların xüsusi riyazi istedadının olması da çoxları tərəfindən qəbul olunur.

Mənsub olduğumuz ölkə, doğulduğumuz kənd, cinsimiz və kimliyimizi təşkil edən digər amillərlə əlaqədar formalaşmış stereotiplər bizim fikir və qərarlarımıza ciddi təsir edir. Bizə elə gəlir ki, bir şeyin doğru olduğunu nə qədər çox adam qəbul edərsə, bu, yanlış ola bilməz.

Stereotiplərin və bizə mane olan digər inamların təsirindən azad olmanın yeganə yolu onları dərk etmək, məntiqi cəhətdən təhlil etmək, şüurlu inamlar yaratmaq, xəyallar qurmaq, hədəflər qoymaq, bir sözlə, daim pozitiv düşünməkdir.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin “Fərdi inkişafa dəstək” layihəsi”çərçivəsində abituriyentlər, onların valideynləri, o cümlədən vətəndaşlar üçün psixoloji maarifləndirmə və dəstək xidməti həyata keçirilir. DİM-in “Facebook” və “Youtube” kanallarında, eləcə də Layihənin “Pozitiv zəka” səhifəsində müxtəlif mövzulara – öyrənmə motivasiyası və modelləri, şəxsi inkişaf, inam, vərdiş, stres və onun idarə olunması, imtahanlara hazırlıq və digər məsələlərə aid videoçarxlara baxa bilərsiniz.