"Qərarı kim veribsə, ondan küssün" -  Aparıcıdan tanınmış HƏMKARINA MESAJ
    • 28-04-2020, 15:56
    • 2 863

"Qərarı kim veribsə, ondan küssün" - Aparıcıdan tanınmış HƏMKARINA MESAJ

"Mənim üçün yaxşı aparıcı ilk olaraq məlumatlı olandır. O, auditoriya qarşısına çıxanda zəruri olan fikirləri, hissləri çatdırmağı bacarmalıdır. Düzdür, hamımızda müəyyən dərəcədə komplekslər, zəifliklər var, amma əgər, aparıcıyıqsa, kompleksləri bir yana qoyub insanlara səmimiyyət ötürməliyik. Amma aparıcı özünü hamıdan ağıllı göstərəndə kənardan çox pis və gülünc təsir bağışlayır. Çox təssüf ki, elələri çoxdur. Əslində, heç kim, heç kimə həyat tərzini diktə edə bilməz".

News24.az
xəbər verir ki, bu sözləri teleaparıcı Leyla Quliyev MTV-də yayımlanan "Söhbətsiz" verilişində deyib. Aparıcı söhbət əsnasında yaşadığı konfliktlərdən danışıb: "Təbiətçə konfliktli insan deyiləm. Necə ki, evdə konflikti sevmirəm, eləcə də, çalışdığım iş mühitində belə şeylərdən uzağam. Düzdür, konfliklə rastlaşdığım məqamlar olub, amma elə məqamlarda sözümü deyib çantamı, pencəyimi götürüb oranı tərk edirəm. İmkan vermərəm ki, o konflikt abırsız həddə çatsın. Əvvəl olduğu kimi indi də özümə qarşı paxıllıq hiss edirəm. Elə insanlara yazığım gəlir".

L. Quliyeva "Eurovision"dan söhbət açıb: "Murad Arif ilə mən "Eurovision"un ilk şəhrçiləri olmuşuq. Mən bu layihədə şərhçi, redaktor, aparıcı olmuşam. Yəni "Eurovision"un ən ağır işini də görmüşəm, ən zərli verilişini də aparmışam. Tozunu da udmuşam, şərəfini də yaşamışam. Təəbii ki, mən də müsabiqəni aparmaq istəyirdim. Aparıcının adı açıqlananda mən də öz adımı gözləyirdim. Çünki heç vaxt bacara bilməyəcəyim işin qulpundan yapışmaram. Özümdə əminlik var idi. Çünki müsabiqənin mətbəxini bilirdim, xarici dil bilgim də var idi. Sizə bir etiraf edim. Müsabiqənin təşkilatçıları məndən aparıcıların siyahısını istəmişdilər. Mən ora 15-16 ad yazmışdım. Siyahıda Könül Nağıyeva, Tural Əsədov kimi insanların adlarını qeyd etmişdim. Bəlkə də başqa bir adama bu iş həvalə olunsaydı, orda mənim adımı yazmazdılar".

Proqramın aparıcısı Samir Bayramlı, "Aparıcı olaraq Leyla var idi. Amma o komandada da digər bir xanım aparıcı var idi, Hüsniyyə. Belə bir anlam yarandı ki, Leylanın aparıcı kimi təsdiq olunması, Leyla və Hüsniyyə münasibətlərinə çox pis təsir göstərdi", deyə bildirib. Quliyeva isə məsələyə bu cür reaksiya bildirib: "İki insanı birləşdirəcək, münasibətlərini normal edəcək keyfiyyətlər olmalıdır. Əgər bu iki insanı bir-birinə bağlayan heç nə yoxdursa, deməli yoxdur. Eyni komandada ola bilərik. Biz ikimiz də eyni qədər öz işimizə məsuliyyətli ola bilərik. Hər ikimiz üçün də o iş önəmli ola bilər. Amma biz o işi görəndə bir-birimizlə yaxınlığımız var idi? Yox. Heç vaxt yaxın olmamışıq. Hansı layihə olursa-olsun, münasibətlər necə varsa, elədir. Bu ona görə deyil ki, mən "Eurovision"da aparıcılıq etdim, o aparmadı. Bundan sonra aramızda soyuqluq yarandı... Məndən küsüləcək heç bir şey yoxdur. Bu qərarı kim veribsə, ondan küssün. Əgər küsübsə".

Sevda Bayramova