"Pis aparıcı yoxdur,  pis veriliş istəyən kanal rəhbəri var" - MURAD ARİF
    • 7-05-2020, 17:41
    • 1 011

"Pis aparıcı yoxdur, pis veriliş istəyən kanal rəhbəri var" - MURAD ARİF

"Mən evdə olmağı çox sevirəm. İctimai yerlərdə çox olmağı xoşlamıram. Əgər işləmirəmsə, səhnədə deyiləmsə, o zaman evdəyəm. Ona görə də karantin günlərində xüsusi bir dəyişiklik yaşamadım. Yalnız məni sıxan bir məqam var, bu da işsizlikdir. Studiyaya gedirəm, amma klip çəkdirə bilmirəm. Nəzərdə tutduğum klip yüksək büdcəli idi. Onu da bu şəraitdə edə bilmərəm, çünki məhdudiyyətlər var. Məcburam ki, karantinin bitməsini gözləyim. Bu arada karantin günlərində əlimin duzunu da yoxlamışam. Şahidlərin sözlərinə görə, dadlı yemək bişirirəm. Xanımıma da kömək edirəm. Bu, mənim üçün yaradıcılığın bir növüdür".  

Bu sözləri müğənni, bəstəkar Murad Arif News24.az-ın canlı yayımında deyib. O, yeni işlərindən danışıb: "Yəqin, ilk növbədə ata olduğuma görə azyaşlıların sevgisini qazanmışam. Uşaqlar səmimiyyəti, təmiz niyyəti hiss edən auditoriyadır. Repertuarımda 30-a yaxın mahnım var. Onlardan birincisini həyat yoldaşıma, ikincisini qızıma, üçüncüsü də oğluma həsr eləmişəm, qalanlarını isə hər kəsə ünvanlanıb. Son zamanlar özəl mövzulu mahnım yoxdur. Amma bu yaxınlarda Ramil Nabranla çox əyləncəli yeni bir mahnımızı buraxacağıq. Bilirsiniz ki, "Gedək oppalara" duetimizin baxış sayı sosial şəbəkədə 25 milyona çatdı. Ətrafımda repçilər  çox olduğuna görə, onlarla da yeni layihələr hazırlayacağıq. Dörd aydan bir, amma sağlam, uğurlu yaradıcı iş ərsəyə gətirməyi tərcih edirəm. Gözləyirəm karantin bitsin və duetimizi təqdim edək. Deyirlər ki, sentyabrda pandemiya yenidən alovlana bilər, ona görə də indidən yavaş-yavaş işimizi sağlama almalıyıq. Marketlərdən makaron, qarabaşaq yığımı kimi, biz də ehtiyatımızı yığırıq".

Müğənni söhbət əsnasında mahnı qıtlığından da söhbət açıb:
"Ötən il Vaqif Gərayzadədən mahnı aldım, daha sonra gənc bəstəkarlarla əməkdaşlıq etdim. Hazırda özüm mahnı qıtlığı yaşayıram. İldə bir mahnı yazıramsa, onu necə aparıb başqa bir ifaçıya verə bilərəm? Bu səbəbdən də  mən heç kimə mahnı yaza bilmirəm. Yaxşı mahnı yazılsa, elə onu özüm oxuyaram. Sağ olsun həmkarlarım, bu halı normal qarşılayırlar.  Ağlımda bir neçə xanım müğənni var ki, onlarla duet oxumaq istəyirəm, amma gərək uyğun mahnı yazılsın. Bəzən elə mahnılar yazılır ki, dərhal o, öz ifaçısısını tapır. Bilmək olmaz bəlkə, sizinlə sağollaşandan sonra bir mahnı ərsəyə gətirdim və onu da Sevda Ələkbərzadəyə verdim. Gərək, elə bir mahnı olsun ki, məsələn, orda Aygün Kazımovanın səsinin məlahətliyi, Röyanın ağırlığı, dərinliyi, Natavanın qərb boğazı hiss olunsun. Məncə, müğənni söz-söhbətlə yox, mahnısı ilə gündəmdə qalmalıdır. Məsələn, Azəraycan mediasında hər gün adından söhbət etdirən adlar var ki, ortada bir dənə belə olsun mahnısı, klipi yoxdur. Mənim üçün belə personajlar ciddi sənət adamı sayılmır".

Teleaparıcı həmçinin də apardığı "Popumuz var" layihəsindən bəhs edib: "Musiqidə həvəskar olsam da, mediada, jurnalistikada peşəkar sayılıram. Burda illərin təcrübəsi və tamaşaçıya təqdim etdiyim media məhsulunun keyfiyyəti durur. "Popumuz var" məni özüm-özümdə kəşf elədi. Apardığım heç bir verilişdə jurnalistik xüsusiyyətlərim görsənmirdi, daha çox diktorluq qabiliyyətim ortaya çıxırdı. Çünki, çalışdığım telekanalın çərçivələri var idi. Amma "Popumuz var"da mən bütün çərçivələri yırtdım, atdım. İndi sosial şəbəkənin azadlığından zövq alıram. "Popumuz var" mənim əsas media layihəmdir. Televiziyalarda olmazlar çoxldur. Mövzü, qonaq, hər söz deyiləndə çox diqqətli olmaq..., amma "Youtube"da azadlıq var. Televiziyada söz demək bir az təhlükəlidir. Məni hazırda İTV ilə bağlayan "Səs uşaqlar" layihəsidir ki, orda münsif kürsüsündə otururam, amma mənə elə gəlir eksklüzivlər yenə olacaq. Gözünüz, qulağınız İTV-də olsun. Mən aparıcı kimi televiziyadan ayrılmamışam və düşünürəm ki, yeni mövsümdə yeni layihə gələcək. İki ildir televiziyaya qonaq qismində çıxmıram, bu özüm üçün qoyduğum bir qaydadır. Komandamla belə bir qərar verişəm ki, ifaçılıq yalnız səhnədə ola bilər. Televiziyadan heç bir aslılığım yoxdur, hətta bu iki ildə məşhurluğum, qonorarım da artıb. Mənim üçün ilkin növbədə sosial şəbəkə önəmlidir. Düzdür, İTV, AzTV, Xəzər-də indi irəlləyişlər var, bu isə sevindirici məqamdır. Mən qaynayan qazanın içində olmağı xoşlayıram. Heç nəyi reytinqlə əlaqələndirmirəm, amma məncə, indi televiziyanın yaxşı dövrü başlayır. Mən hər zaman vətəndaş mövqeyimin qorumağa çalışmışam ". 

M.Arif "Yaxın dostunuz, Xalq artisti Murad Dadaşov Xəzər Televiziyasına keçməyinizi təklif edibmi?" sualına gülümsəyərək reaksiya verib: "Xəzər Televiziyası öz inkişaf dövrünü yaşayır. Mən o insana ürəkdən çox bağlıyam, şəxsiyyətinə böyük hörmətlə yanaşıram. Əslində, təkliflər çoxdur, amma səs yarışmasından sonra özümü İTV-nin bir parçası hesab edirəm. Təəbii ki, "bir yerdə layihə edək" kimi fikirlər çoxdur, amma hələ ki, İctimai Televiziyadayam".

Aparıcıaparıcı həmkarları ilə bağlı fikirlərini də paylaşıb: "Bir zamanlar televiziya aparıcılığı sahəsində  bir dalğa var idi, indi isə bunu görə bilmirəm. Şəraitdəndir, yoxsa nədəndir, bilmirəm. Kimlər var idi, indi də onlardır. Yeni, parlaq personajlar görünmür. Yəqin, bu media qurumlarının rəhbərlərinin marağında deyil. Məncə, Azərbaycanda pis aparıcı yoxdur. Pis veriliş istəyən kanal rəhbəri var. Televiziyada aparıcısı aysberqin ancaq görünən tərəfidir. Ona qədər mərhələlər var. Zaman-zaman pis verilişlərin teleaparıcıları, rəhbərlik dəyişəndən sonra artıq yaxşı verilişləri aparmağa başlayıblar. Aparıcıdan əsas faktura, sağlam ağız aparatı, söz ehtiyatı, iti zəka, az- çox xarizma tələb olunur. Televiziyamızın problemi aparıcı deyil. Burda problem kanal rəhbərinin niyyətindədir. Hansısa telekanalın rəhbəri üçün cəmiyyətin mədəniyyəti, etik tərbiyəsi prioritet olmayıb və gül kimi qızlardan, oğlanlardan efirdə qalmaqal etmələri əmr olunub. Elə vaxt olub redaktor qulağıma bas-bas bağırıb ki, şef bunu tələb edir, sualı elə yox, belə ver".

M. Arif bloggerlər haqda fikirlərini bizimlə bölüşüb: "Məsələn, 10 il öncə "blogger" ifadəsi bizə yad idi, amma sosial şəbəkə, azad söz, media vasitəsi ilə biz onlarla da tanış olduq. Onlar fikirlərini, informasiyanı istədikləri şəkildə təqdim edirlər. Biz bunların fəaliyyətini blogger adlandırsaq da mahiyyət baxımından bu da jurnalistikanın bir müasir  şəklidir. Bloggerdən də bloggerə fərq var. İndi sabah istənilən adam öz ağıllı telefonu ilə reportjlar çəkə bilər, amma ona "jurnalist" demək düzgün deyil. Ancaq bəzi bloggerlər həqiqətən də güclü jurnalistlər oldular. Onlardan biri də rusiyalı blogger Yuriy Duddur. Mən "Popumuz var" layihəmi ondan həvəslənib ərsəyə gətrdim. Yuriy çəkdiyi videolarla, verdiyi suallarla əslində, bir vlogun müəllifidir. Əgər, adam müsahibə alırsa, deməli jurnalistdir. Hər sahənin güclüsü və zəifi olur. Terminlərə takıntı bizdə Sovetlər dövründən qalıb. Məsələn, Azərbaycanda deyirlər, "filankəs də aparıcıdır bu da", "filankəs bəstəkardır bu da". Qərb dünyasında belə yanaşmalar yoxdur. Onlar əfsanəvi müğənnilərə də sənətkar deyirlər, dünən çıxana da. Hansısa uğursuz bloggerə jurnalist desək də, deməsək də heç nə dəyişməyəcək. Onun da öz auditoriyası var. Əsas hər şeyi anlayan cəmiyyətin olmasıdır. Problem anlamayan cəmiyyətdir. Bu gün yerindən duran hər kəs özünə müğənni, bəstəkar, jurnalist deyə bilər. Önəmlisi  keyfiyyətli işi anlayan zövqlü cəmiyyətin olmasıdır. Dərd hamının oxuması deyil, dərd Sevda Ələkbərzadənin bir əsərinin 10 milyon baxış yığması üçün illərlə zəhmət çəkməli olmasıdır. Azadlıqdır, demokratiyadır. Siz heç kimin ağzını, barmaqlarını qıfıllaya bilmərsən. Kimsə mənə bəstəkar demək istəmirsə, bu, məni narahat eləmir. Mən yalnız mahnı istehsalı ilə məşğulam olduğuma görə də, özümə bəstəkar demirəm. Amma insanlar "Sənə ehtiyacım var"ı, "Bu şəhər ikimizə dar"ı eşidəndə o mahnını yazan adama bəstəkar deyirlər. Önəmli olan işin keyfiyyəti və kimlər arasında qəbul olunmasıdır".

Həmsöhbətimiz arıqlamağının sirrini də açıqlayıb: "Bir çox üsüllara əl atdım. Hətta bəlkə də ağılsızlığım ucbatından bəzilərini reklam elədim. Sürətli şəkildə arıqladan qıdaların istehsalı ilə məşğul olan şirkətlərin məhsullarından çox narazı qaldım. Amma məni real olaraq arıqladan dietoloq Leyla Zülfüqarova və müəyyən meditasıya kursları olub. Amma karantin dövründə yenidən kilo aldım. Ümumi 30 kilo çəki atdımsa, 5 kilonu yenidən yığdm".

Müğənni son günlər şou-biznesi zəbt edən "parik" qalmaqalına da münasibət bildirib:
"Əslində, o pariki yeni klipimdə mən taxmalıyıdm (gülür). Mən buna qalmaqal deməzdim. Məncə, qızlar zarafatlaşırlar. Axı, onlardan heç biri uzun saçı istehsal eləməyib ki... Burda super, kreativ bir ideya yoxdur. Məncə, Natavanla Röya arasında buzlar əriyir. Əgər vəziyyət ciddi olsaydı, heç kim buna reaksiya verməzdi. Röyanın da, Natavanın sənəti var. Bu, onlar üçün vacib bir şey deyil. Belə trüklardan ancaq acız sənətçilər istifadə edər. Onların sənətlərində hər şey qaydasındadır".

Sənətçi bir müddət öncə Ceyhun Qala ilə arasında yaranan anlaşılmazlıqdan da danışıb: "Bu mənimlə kiminsə arasında yaranan bir qalmaqal deyil. Süni, şişirdilmiş bir şeydir. Bu səbəbdən həmin məsələyə görə  narahat deyiləm. Ceyhun yaxşı ifaçıdır. Mənim yaradıcılığımı nə qədər sevir, sevmir, bu onun biləcəyi işdir. Amma aramızda qalmaqal olmayıb, çünki o replika zərrə qədər mənə təsir etmədi. Jurnalist sual verdi, Ceyhun da seçimini etdi".

Sevda Bayramova