Nazir oğlunun şirkətində işləyən Natəvanı niyə öldürdülər? - II HİSSƏ - MÜŞFİQ ABBASOV YAZIR
    • 7-07-2020, 14:57
    • 1 759

Nazir oğlunun şirkətində işləyən Natəvanı niyə öldürdülər? - II HİSSƏ - MÜŞFİQ ABBASOV YAZIR

Cinayətkarlar evi ələk-vələk eləyib hər tərəfi  dağıtmışdılar. Natəvanın yıxıldığı yerdə yaranan qan gölməçəsinin quruyub ləkəsi qalmışdı. Bu vaxt diqqətimi həmin qan ləkəsindən təxminən 1,5 metr aralıdakı metrə cəlb elədi. 

Orxan mənə həmin metrənin ora necə düşdüyünü bilmədiyini dedi. Mən dərhal hadisə yerini müayinə edən Nəsimi rayon prokurorluğunun müstəntiqinə zəng elədim. O, dedi ki, metrəni hadisə yerində görüb, hətta özü ilə metrə gətirmədiyinə görə, hadisə yerinin müayinəsi zamanı həmin metrədən istifadə edib. Bir prokurorluq işçisindən bu cavabı eşitmək mənim üçün gözlənilməz oldu. Müstəntiq cavan olduğundan təcrübəsiz ola bilərdi. Amma hadisə yerinin müayinəsində onunla bərabər rayon prokuroru da iştirak etmişdi. Kifayət qədər təcrübəsi olan prokurorun  belə bir səhv buraxması anlaşılan deyildi. 

Mən dərhal metrəni qablaşdırdım. Artıq ona çox adam toxunduğu üçün üzərindən əl-barmaq izini götürmək mümkün deyildi. Sadəcə, metrənin üstündəki tozun mənşəyini müəyyən edə bilərdik. Metrəni ekspertizaya gondərib rayon prokurorluğuna qayıtdım. Bakı şəhər prokurorunun müavini də ora gəlmişdi. İstintaqdan anlayışı olmayan bu şəxsin işi-gücü istintaq qrupuna mane olmaq idi.

 Dərhal qonşuları dindirməyə başladıq. Qonşulardan bir qadın ifadə verib dedi ki, iki gün əvvəl Natəvanın mənzilinin qapısının möhkəm çırpıldığını və pilləkənlərlə düşən qadın ayaqqabılarının səsini eşidib. Natəvanın meyitinə baxış keçiriləndə onun sağ ovcunda uzun saçlar aşkar olunmuşdu. Bunu bilən və qonşunun ifadəsini oxuyan şəhər prokurorunun müavini  israrla cinayətkarın qadın olduğunu iddia edirdi. Natəvanın əlində tapılan saçları ekspertizaya göndərdim. Onun öz saçlarından götürdüyüm nümunələri də müqayisəli tədqiqat üçün təqdim etdim. Ekspert rəy verdi ki, Natəvanın ovcundakı saçlar onun özünə məxsusdur. Görünür, Natəvan qatilə müqavimət göstərəndə öz saçı ilişib əlində qalıb. 

Natəvanın evi şəhərin mərkəzində idi. Mənzilə aparan iki yol vardı. Bunlardan birində müşahidə kameraları vardı, o biri isə arxa tərəfdən idi və orada kameralar quraşdırılmamışdı. Həmçinin blokun girişində də heç bir kamera yox idi və bu, bizim işimizi çətinə salırdı. Natəvanın mobil telefonundakı son zənglər araşdırıldı və həmin  insanlar müəyyən edilərək dindirildi. Lakin onların heç birinin cinayətə aidiyyəti müəyyən olunmadı. 

Natəvanın telefonundakı zənglər incələnəndə onun bir nəfərlə sevgili olduğu da aydınlaşdı. Həmin şəxs onun işlədiyi holdinqin idarə heyəti sədrinin qardaşı Rasim idi. O da həmin şirkətdə işləyirdi. Rasim barəsində araşdırma apararkən müəyyən elədim ki, o, ailəsindən gizli milliyətcə rus olan Larisa adlı qadınla münasibət qurub və həmin münasibətdən iki oğlu var. Rasim bunu ailə üzvlərindən gizlətsə də, bu barədə Natəvana deyibmiş. Bizdə şübhə yarandı ki, bəlkə elə Larisa Natəvanı öldürüb? Axı qonşu qadın da pilləkənlərdən sürətlə enən qadın ayaqqabılarının səsini eşitdiyini demişdi. Buna görə Larisanı dindirmək üçün prokurorluğa dəvət elədik. Lakin Larisanın cinayətdə iştirakı müəyyən olunmadı. 

Natəvanın işlədiyi şirkətin 100-ə qədər işçisini dindirdik. Bu zaman müəyyən etdik ki, Natəvanla müavini Azad arasında son günlər gərginlik yaşanıb. Hətta bəzi işçilər ifadələrində göstərdi ki, Azad Natəvanın yerinə keçməyə cəhd göstərirmiş. Azadı dindirmək üçün prokurorluğa çağırdım. Dindirmə zamanı şübhəli bir hal müəyyən olunmasa da, az sonra polis əməliyyatçıları məlumat verdilər ki, Azad Natəvan qətlə yetirilən günü avtomobili ilə onun yaşadığı küçəyə girib və orada təxminən 2 saat ləngiyib. 

Lakin Azad bunu etiraf eləmədi və ora getmədiyini dedi. Hətta ona avtomobilinin həmin küçəyə girməsinin videoçəklişini göstərsək də o, yenə bunu inkar etdi. Bunu görən şəhər prokurorunun müavini sanki cinayəti açıbmış kimi davranaraq bu barədə prokurorluğun rəhbərliyinə məlumat verdi. O, polislərə göstəriş veridi ki, Azadı inzibati qaydada saxlayın,  törətdiyi cinayəti boynuna alanadək polisdə üzərində “işləyin”. Təbii ki, mən bir müstəntiq kimi bunun əleyhinə çıxdım və bu qanunsuzluğa son qoymağı tələb elədim. Lakin istintaqdan anlayışı olmayan müavin dediyini elədi.  Azad polisə “müqavimət” göstərdiyinə görə 10 sutka həbs olundu. Həm mən, həm də Nəsimi rayon polis idarəsinin cinayət axtarış şöbəsinin rəisi prokuror müavininin tez bir zamanda getməsini arzulayırdıq, çünki o, bizə sadəcə mane olurdu. Polislər Azadla “işləsələr” də, heç bir nəticə olmadı. Qətldən bir neçə gün keçmişdi. Hər gecə saat 2-3 radələrində evə gedirdik. Mənim yolum hadisə baş verən evin yanından keçirdi.  Bir dəfə gecə saat 2-də mən Natəvanın evinin yanından keçirdim. Bir anlıq qalxıb evə yenidən baxmaq istədim.  Mənzilin açarı məndə idi. Pilləkənlərlə qalxdım və əlimdə tutduğum açarı qapının açar yerinə salmaq istədim. Açar ora düşmədi. Telefonumun işığı ilə baxanda açar yerinin “otverka” ilə qurdalandığını gördüm. Demək, kimsə mənzilə girmək istəmişdi...

Ardı sabah olacaq.

Müşfiq Abbasov