Nazir oğlunun şirkətində işləyən Natəvanı niyə öldürdülər? - SON - Müşfiq Abbasov yazır
    • 9-07-2020, 13:28
    • 1 487

Nazir oğlunun şirkətində işləyən Natəvanı niyə öldürdülər? - SON - Müşfiq Abbasov yazır

Əvvəli aşağıdakı linkdə:

I HİSSƏ
https://news24.az/huquq-ve-cemiyyet/44909

II HİSSƏ
https://news24.az/huquq-ve-cemiyyet/44978

III HİSSƏ
https://news24.az/huquq-ve-cemiyyet/45045

Növbəti gün əməliyyatçılar Natəvanın evinə mətbəx mebeli quraşdırmış ustanı gətirdilər. Sərdar adlı bu cavan oğlan təxminən bir il əvvəl həmin mebeli quraşdırmışdı. Sərdarı dindirdim. O, mebelin ölçülərini qardaşı Tərlanın götürdüyünü, mebeli isə özünün quraşdırdığını dedi. Sonra da əlavə elədi ki, bir müddət əvvəl müflis olduqları üçün mebel dükanını bağlayıblar. Mən mebelin şkaflarından birinin qapısının niyə qoyulmaması barədə soruşdum. O isə həmin qapının defekt çıxdığını dedi. Onun telefonun əhatə dairəsini incələyəndə hadisə günü Natəvanın mənzilinin ətrafında olmadığını gördüm. Daha sonra əməliyyatçılar onun qardaşı Tərlanı gətirdilər. Tərlan içəri girən kimi onun simasında bir şey diqqətimi çəkdi.
Onun gözləri dəhşətli dərcədə qızarmışdı, üzündən yorğunluq yağırdı. O da qardaşı ilə eyni ifadəni verdi. Mən onun da mobil nömrəsinin əhatə dairəsinə baxdım. İncələmələrə görə, o da hadisə günü Natəvanın mənzilinin ətrafında görünmürdü. Lakin gözlərinin son dərəcədə qızarması və suallara verdiyi cavablar məndə şübhə yaradırdı. Nə isə düz deyildi. Onu dindirdikdən sonra protokolu imzalatdım. Otaqdan çıxan anda onu geri çağırdım. Bu dəfə mənzilə gecə qayıtdığım günlə bağlı onun telefonunun əhatə dairəsini yoxladım və gördüklərim məni təəccübləndirdi. Tərlan həmin gecə Natəvanın evinin yerləşdiyi ərazidə olmuşdu. Artıq kələfin ucu tapılmışdı. Mən onun gözlərinə baxıb dedim: “Gecə unutduğun metrənin dalınca qayıtmışdın?”. Bu qəfil sualdan Tərlan özünü itirdi. O, başqa yolu olmadığını anlayıb hər şeyi etiraf eləməyə məcbur oldu. 

Cinayət günü baş verənlər


Tərlan beş il əvvəl valideynləri ilə birgə Qubadan Bakıya gəlib və kirayə yaşayıb. Qardaşı ilə birlikdə Natəvanın evinin yanında mebel sexi açıb. Təxminən bir il əvvəl isə Natəvan onların sexinə gəlib və mətbəx mebeli sifariş verib. 

Tərlan Natəvanla birlikdə onun evinə gedib və mebelin ölçülərini götürüb. Bir müddətdən sonra qardaşı ilə birgə mənzildə mebeli quraşdırıb. Bu vaxt mebelin şkaflarından birinin üst qapısı yerinə oturmayıb. Buna görə həmin qapının ölçüsünü yenidən götürməli olub. Az sonra borcları yarandığına görə Tərlan sexi bağlayır və “Sədərək” Ticarət Mərkəzində satıcı işləyir. Bu müddətdə o, qumara qurşanır. Bəzi adamlara borcları yaranır. Təxminən 1.500 manat borcu yığılır. Borc sahibləri pulunu istədiyinə görə oğurluq eləmək fikrinə düşür. Bu vaxt ilk ağlına Natəvan gəlir. Onun evdə tək yaşadığını bildiyinə görə düşünür ki, qorxudub ondan pul ala bilər. Bu məqsədlə evdəki mətbəx bıçağını götürür. Natəvanın evdə tək olmaya biləcəyini də ehtimal elədiyindən mebelin yarımçıq qalan qapısını bəhanə gətirmək üçün özü ilə metrə də götürür. Metronun “Gənclik” stansiyasının qabağında mobil telefonunu söndürür. Bu səbəbdən də cinayət günü mobil operator Tərlanın Natəvanın evinin yanında olduğunu qeydə ala bilmir. 

Tərlan həmin gün mənzilə qalxıb zəngi basır. Bu zaman Natəvan hamamdan çıxır. Qapının gözlüyündən baxıb Tərlanı tanıyır və qapını açır. Tərlan ona sexi təzədən açdıqlarını və skafın qapısının ölçüsünü yenidən götürmək istədiyini deyir. Natəvan ona içəri keçməyə icazə verir. Tərlan ondan qeydlər etmək üçün qələm istəyir. Bu zaman mənzildə başqa heç kəsin olmadığını görərək Natəvanın ardınca qonaq otağına keçir. Bıçağı çıxarıb evdə olan pulları istəyir. Natəvan qışqırıb bayıra qaçmağa cəhd edir. Lakin Tərlan onu tutur və əli ilə ağzını yummaq istəyir. Lakin bacarmayacağını görüb bıçaqla onun belinə 2 zərbə vurur. Həmin 2 zərbədən Natəvan keçinir. Tərlan bunu görüb evi axtarmağa başlayır. Amma pul tapa bilmir. Lakin Natəvana məxsus zinət əşyalarını götürür. Paltarlarında olan qanı hamamda yuyur. Yenidən otağa keçəndə Natəvanın donunun yuxarı dartıldığını görür və onun başqa paltarlarlarıyla üstünü örtür. Stolun üzərindəki giriş qapısının açarını götürüb mənzilin qapısını bayırdan bağlayır. Yolda evin açarını atır, bıçağı isə zibil qabına tullayır. Natəvanın qızıllarını yaşadığı evin arxasındakı yarımçıq tikilidə gizlədir. Bu vaxt özü ilə apardığı metrənin hadisə yerində qaldığını xatırlayır. Üzərində əl-barmaq izlərinin qaldığını bilib qorxuya düşür. Bu barədə bir neçə gün düşünüb metrəni götürmək üçün yenidən hadisə baş verən evə qayıdır. Mənzilin giriş qapısını “otverka” ilə açmaq istəsə də bacarmır. Bu zaman o, bir şeyi unudur. Bu dəfə mobil telefonu söndürmür və mobil operator onun Natəvanın mənzilində olduğunu qeydə alır. Onu ələ verən də buraxdığı bu səhv idi. Unutduğu metrənin üzərində aşkar olunan qaş tükü Tərlana məxsus idi. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tərlan 17,6 il müddətinə azadlıqdan məhrum olundu. O, həmin hökmdən apellyasiya şikayəti vermədi. Cəzası ilə tam razılaşdı.

Bu cinayət işini açdığıma görə Baş Prokuror Zakir Qaralov mənə “qiymətli” hədiyyə kimi “Tissot” saatı bağışladı. Cəmi on gündən sonra işləməyən “Çin” istehsalı olan həmin 30 manatlıq “Tissot” saatını zibil qabına atdım. Natəvanın günahsız qanının yerdə qalmaması və buna görə onun bacısının təşəkkürü mənimçün ən böyük hədiyyə idi.



Müşfiq Abbasov