Prokuror xəyanəti... - Müşfiq Abbasov yazır - I HİSSƏ
    • 22-07-2020, 12:55
    • 1 482

Prokuror xəyanəti... - Müşfiq Abbasov yazır - I HİSSƏ

Məni tanıyanlar bilir ki, həmişə sözün düzünü demişəm, haqqı müdafiə etmişəm. Buna görə işlədiyim dövrdə prokurorluğun o vaxtkı rəhbərliyi məni sevməzdi. Hətta bəzi işlər olub ki, ədalətli mövqe sərgilədiyimə, həqiqəti dediyimə və qanunsuz göstərişi yerinə yetirmədiyimə görə otaqdan qovulmuşam. Prokurorluqdan uzaqlaşsam da daim həmin orqanı özümə doğma bilmişəm və bu gün də elədir. 

Hamıya məlumdur ki, prokurorluq hüquq-mühafizə orqanlarının elitasıdır. Amma bəzən elə insanlar həmin orqanda işləyib ki, sadəcə, təəssüf etmişəm. 

Yazacağım cinayət hadisəsi təxminən 5 il əvvəl baş vermişdi. Əziz oxucu, bu hadisəyə və prokuror xəyanətinə siz özünüz qiymət verin. Onu da qeyd edim ki, yazıdakı adlar şərtidir.
 
Nardaranda dəniz kənarında Kərim adlı bir gəncin cəsədi aşkar olunmuşdu. Meyit üzərində bir bıçaq zərbəsi vardı. Bıçaq gəncin ürəyinə sancılmışdı. Rayon prokurorluğu hadisə yerini və  meyiti müayinə etmiş, Kərimin telefonla əlaqə saxladığı, görüşdüyü şəxsləri, valideynlərini dindirmiş, müxtəlif ekspertizalar aparmışdı. Qısa müddət ərzində cinayəti törətmiş Taleh adlı şəxs ifşa olunaraq həbs olunmuşdu. 

Rayon prokurorluğunda aparılmış istintaqla müəyyən olunmuşdu ki, Kərimlə Taleh dost olublar. Taleh Könül adlı bir qızla münasibət qurub. Onlar tez-tez görüşür, telefonla danışır, bir yerdə şəhərdə gəzirlər. Günlərin birində yenə bir yerdə olarkən, Könülün telefonuna bir nəfər zəng edib onunla danışmaq istəyir. Bundan xəbər tutan Taleh telefonda həmin şəxslə danışır, tərəflər bir-birini ağır söyüşlərlə təhqir edir. Zəng edən şəxs Talehə deyir ki, əgər sən kişisənsə, gəl, mənimlə görüş, sənə deyəcəklərim var. 

Bundan sonra Taleh dostu Kərimlə qarşı tərəflə görüşmək üçün birlikdə Nardarana gedirlər. Kərim kriminal aləmə yaxın olduğundan özü ilə iki bıçaq götürür və yolda həmin bıçaqlardan birini dostu Talehə verir. Taleh əvvəlcə bıçağı götürmək istəməsə də, Kərimin təkidindən sonra bıçağı götürür. Onlar yolda Adil adlı dostlarını da özləri ilə götürürlər. 

İstintaq materiallarına görə onların hər üçü Nardaran kəndinə gəlirlər. Nardaranda "Mərkəz meydanı" deyilən yer vardı. Həmin yerdə onları dörd nəfər Nardaranlı gənc qarşılayır. Birlikdə dəniz kənarına gedirlər və orda söhbət başlayır. Gənclərdən biri adının Rəhman olduğunu və telefonda Talehlə danışanın şəxsin özü olduğunu bildirir. O, Talehə deyir ki, Könülün onunla uzun müddət yaxın münasibəti olub. Daha sonra o, Könüllə birlikdə olan şəkillərini, Könülün sevgi mesajlarını ona göstərir. Bundan sonra Talehdən söydüyü söyüşlərə görə cavab verməsini tələb edir. Taleh pis vəziyyətə düşür. Bu vaxt dostu Kərim dillənərək, Talehin doğrudan da bu məsələdə səhv olduğunu deyir. Daha sonra o, dostu Talehlə mübahisə edir. Haqlı olmadığı bir məsəlyə görə niyə onu sphbətə çağırdığının səbəbini soruşur. Bu vaxt dostlar arasında mübahisə daha da qızışır. Taleh qəflətən üstündə olan bıçağı çıxarıb öz dostu Kərimin ürəyinə bir zərbə vurur. Kərim oradaca vəfat edir. Bunu görən gənclər meyiti orda qoyaraq qaçırlar. 

Həmin dövr Bakı şəhər prokurorluğunun istintaq idarəsində iş yükü çox az olduğundan rayon prokurorluqlarında olan ölüm işlərinin bəziləri seçmə üsulu ilə götürülürdü. Elə oldu ki, həmin iş də götürülərək, mənə verildi. İstintaq idarəsinin rəisi həmin işdə istintaqın artıq başa çatmaq ərəfəsində olduğunu dedi. O, istintaqı tez bitirib işi məhkəməyə göndərməyi tapşırdı. Mən işlə tanış oldum. Hər şey qaydasında idi. Təqsirləndirilən şəxsin etirafi, onun ifadələrinin yerində yoxlanılması, hadisə yerinə baxış, ekspertizalar, şahid ifadələri və s. Lakin yeganə bir şey diqqətimi çəkdi. Bu təqsirləndirilən şəxslə bərabər mərhumun və hadisə yerində olan digər şahidlərin telefonlarının antenn dairələri idi.  

Ardı sabah

Müşfiq Abbasov