Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından 3 medal qazandı
    • 23-09-2020, 18:04
    • 529

Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından 3 medal qazandı

Sinqapurda 32-ci Beynəlxalq İnformatika Olimpiadası təşkil edilib.

Təhsil Nazirliyi News24.az-a istinadən xəbər verir ki, 87 ölkə və 343 iştirakçının yarışdığı olimpiadaya məktəblilərimiz ADA Universitetindən virtual formatda qoşulublar.
Olimpiadanın 2 yarış günü ərzində  şagirdlərə həll etmək üçün hər gün 3 alqoritmik məsələ olmaqla, 5 saat vaxt verilib. 

Azərbaycan məktəbliləri sözügedən olimpiadada uğurlu nəticə əldə ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Abutalıb Namazov və Murad Eynizadə, Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar. 

Qeyd edək ki, şagirdlərimiz 1994-cü ildən etibarən bu müsabiqədə iştirak edir. Builki nailiyyətlərlə birgə bu günədək sözügedən olimpiadadan ümumilikdə 1 gümüş, 7 bürünc medal əldə edilib. 

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi  “Azercell Telekom” şirkətinin dəstəyi ilə həyata keçirilir.