"Atəşkəs sülh deyil" - Hikmət Hacıyev
    • 10-10-2020, 15:16
    • 393

"Atəşkəs sülh deyil" - Hikmət Hacıyev

“Son proseslər göstərdi ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyildi”.

News24.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan status-kvonu qorumaq siyasətini yürüdürdü: "Paşinyanın "Qarabağ Ermənistandır" deməsi danışıqlar prosesinə zərbə idi. Ermənistanda bəziləri özlərini hələ də qalib saymağa, işğalı davam etdirməyə çalışırdılar. Azərbaycanın əks-hücumu nəticəsində Ermənistanın illüziyaları darmadağın edildi. Ermənistan silahlı qüvvələrinə 10 gün ərzində böyük zərbə vuruldu. Ermənistanın ən döyüşkən hərbi hissələri darmadağın edildi. 30 il ərzində Ermənistan bu hərbi sistemi, o infrastrukturu formalaşdırmışdı. Coğrafi cəhətdən kiçik bir ərazidə Ermənistan tərəfindən böyük silah, texnika və sursatla təchiz edilmişdi. Azərbaycan silahlı qüvavələri sıx atəş altında belə uğurlu əməliyyat həyata keçirdi. Ermənistanın hücumlarına cavab olararaq yenə də cavablar verilir".

H.Hacıyev Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin legitim hərbi hədəf olaraq məhv edildiyini bildirib: "Hərbi əməliyyatların gedişi həm də Ermənistanın siyasi, iqtisadi, hərbi gücünə böyük zərbə vurdu. Cəbrayıl rayonunun bir neçə kəndi, Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrut qəsəbəsi və onun ətrafındakı yaşayış məntəqələri işğaldan azad edilib.
Diplomatik cəbhədə də beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Azərbaycan öz siyasətini davam etdirir. Bu gün hərbi müstəvidə dəyişdirilmiş status-kvodan irəli gələrək siyasi mənada da status-kvo dəyişdirilir.
Atəşkəs özlüyündə sülh deyil, heç zaman da ola bilməz. Moskvada qəbul olunmuş bəyanat humanitar əsaslarla qəbul olunmuş atəşkəs rejimidir. Amma Ermənistanın siyasi rəhbərliyi bundan da sui-istifadə etməyə çalışır. Bu gün Ermənistan humanitar əsaslarla atəşkəs yalvarışları ilə gəldi və Ermənistan dövləti özü tərəf kimi çıxış etdi. Yekun hədəfimiz Azərbaycan dövlətinin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin edilməsidir. Bunun üçün hərbi, siyasi, iqtisadi müstəvidə bütün addımlar atılacaq. Azərbaycan xalqı əmin olmalıdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət davam etdiriləcək. Bundan sonra spesifik danışıqlar davam etdirilməlidir. Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmayanadək Cənubi Qafqazda stabillik mümkün deyil. Bunu da deyim ki, dövlətimizə qarşı təzyiqlər də var, Prezident İlham Əliyev bu təzyiqlərə də sinə gərir. Biz bu təzyiqləri çox görmüşük".