"Oğlum hamıya çarə olduğumu deyirdi, amma ona kömək edə bilmədim" - Həkim ŞƏHİD ANASI - VİDEOREPORTAJ - FOTOLAR
    • 27-11-2020, 10:55
    • 1 846

"Oğlum hamıya çarə olduğumu deyirdi, amma ona kömək edə bilmədim" - Həkim ŞƏHİD ANASI - VİDEOREPORTAJ - FOTOLAR

44 günlük İkinci Qarabağ Müharibəsinin son qoyduğu 30 illik həsrətin böyük qəhrəmanları var. Yəni, bu qələbə bizə rahat başa gəlmədi. Neçə oğullar torpağın, Vətənin azadlığı və doğma Xalqının başını uca tutmaq üçün sinəsini sipər etdi. Neçə ata, ana “Vətən sağ olsun” deyib, qəhərini köksünə basdırdı. Çünki həmin valideynlər övladlarının şərəfli və müqəddəs yolda Şəhid olduqlarını yaxşı anlayırlar. 

                                 
Şanlı zəfər tarixinin yazılmasında şücaət göstərən igidlərimizdən biri də Tarıverdiyev Nicatdır. 


News24.az olaraq Şəhidimizi yaxından tanımaq üçün ailə üzvləri ilə həmsöhbət olduq.

Tarıverdiyev Nicat 1998-ci il noyabrın 17-də Bakı şəhərində dünyaya göz açıb. O, evin tək övladı, ilk və son beşiyidir. Ailə üzvlərinin və dostlarının söhbətindən məlum oldu ki, onun yaşı az olsa da, bütün tanışlarının yanında hörməti böyükdür. Qəhrəmanımız qayğıkeş, mehriban, hər kəsə sevgi ilə yanaşan biri olub. Vətəninə, millətinə bağlı olduğundan Azərbaycanın adını yüksəltmək üçün əlindən gələni edib. 


Şəhidin atası Tarıverdiyev Şöhrət bildirib ki, 22 yaşlı qəhrəmanımızın uşaq yaşlarından idmana marağı böyük olub. Ölkəmizin adını və bayrağını bir neçə dəfə beynəlxalq yarışlarda ucaldıb. Nicatın sərrast atış qabiliyyəti yüksək olduğundan bir çox döyüşlərdə böyük şücaət göstərib.

Övladını fəxrlə xatırlayan Şükran Faruk qızı 30 illik həsrətin bitdiyini və övladının sağ qayıdacağını düşündüyü üçün qurban kəsmək məqsədilə ziyarətə gedib, ancaq hər şey düşündüyü kimi olmayıb. Ziyarətdə olduğu zaman övladının Şəhid xəbərini alıb. Qəhrəmanımız qisasını aldığı general Polad Həşimovun yanında II Fəxri Xiyabanda dəfn olunub.


Şəhidimizin anasının dediyi kimi, biz xalq olaraq başımızı uca tutmalıyıq. Çünki artıq məğlub yox, qalib xalqıq. Bu yaranın sağalması üçün fiziki olaraq cismini qurban verib, Şəhid adını qazanan qəhrəmanlarımız mənəviyyat tariximizin ən şanlı səhifələrini yazdılar. O tarixi yazmaq üçün səfərbərlik xidmətinin önündə könüllü dayanan minlərlə gənc bizi yenidən üzüağ etdi. Nicatın timsalında bütün Şəhidlərimiz zehnimizdə və qəlbimizdə əbədi yaşayacaqlar. Çünki biz unutqan xalq deyilik. İkinci Qarabağ Müharibəsi bunu bir daha sübut etdi. Haqqımız olanı almağı bacarırıq və bacaracayıq.. 

Məhərrəm Əliyev
VİDEO: Hüseyn Həsənov