“Tələbə ona “şamtutan” deyən direktoru məhkəməyə verə bilər” – EKSPERT - VİDEO
    • 19-02-2021, 13:04
    • 485

“Tələbə ona “şamtutan” deyən direktoru məhkəməyə verə bilər” – EKSPERT - VİDEO

Bu gün sosial şəbəkələrdə Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovanın “onlayn” imtahan vaxtı sinif nümayəndəsini qızı “şamtutan” deyərək təhqir etməsi ilə bağlı video yayılıb.

Paylaşılan videoda aşkar görünür ki, kollec direktoru “onlayn” dərs zamanı çox aqressiv və qaba davranıb.

Təhsil eksperti Elçin Əfəndi məsələ ilə bağlı News24.az-a danışıb. 

O bildirib ki, heç bir müəllim və ya direktorun tələbəni təhqir etməyə ixtiyarı yoxdur: “Konstitusiyamızda hər kəsin şərəf və ləyaqətinin qorunması ilə bağlı maddə var. Bu səbəbdən də həmin tələbə şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı məhkəməyə müraciət edə bilər. Təcili həmin direktor haqqında ciddi tədbir görülməli, müvafiq ölçü götürülməlidir. Hətta vəzifədən kənarlaşdırıla da bilər”.  

Qeyd edək ki, yayılan video ilə bağlı Təhsil Nazirliyi araşdırmalara başlayıb. Tezliklə bu barədə ictimaiyyətə məlumat veriləcək.

Məhərrəm Əliyev