Türkiyədəki azərbaycanlılara hüquqi dəstək layihəsinə START VERİLİB
    • 19-04-2021, 17:07
    • 798

Türkiyədəki azərbaycanlılara hüquqi dəstək layihəsinə START VERİLİB

Türkiyədə  Azərbaycan vətəndaşlarına hüquqi dəstək layihəsi həyata keçirilir. Bir ilə yaxındır ki, Türkiyə Cümhuriyyətində yaşayan, təhsil alan, əmək fəaliyyəti ilə məşğul olan, qısa müddətli və ya uzun müddətli Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarına eyni adlı layihə əsasında hüquqi dəstək verilir.

News24.az-ın məlumatına görə, layihənin icracısı Türkiyədə yaşayan həmyerlimiz Ankara Universitetinin Hüquq fakültəsinın doktorantı Ləman Süleymanlıdır.Onun sözlərinə görə, layihə Türkiyədəki həmyerlilərimizin hüquqşünas kimi ona çoxsaylı müraciət etməsi zərurətindən gerçəkləşdirilib:  “Türkiyədə yaşayan azərbaycanlılar hüquq məsələləri ilə bağlı mənə mütəmadi müraciət edirlər.  Onları müvafiq dövlət qurumlarına yönəldirirəm. Ona görə də bu hüquqi dəstəyin miqyasını bir qədər genişləndirməyə qərar verdim. Təklifimi hüquqçu Günel Çələbizadə ilə bərabər Azərbaycan Diasporası Dəstək Fonduna yazdıq. Fond rəsmilərinə təşəkkür edirəm ki, layihəni dəstəklədilər. Layihə həftədə 2 gün: şənbə günü Türkiyə Azərbaycan Dostluq və İşbirliyi Vakfında (TADİV) prof.dr. Aygün Əttarın rəhbərliyi altında, həftənin cümə günü isə Qafqaz Araşdırmalar Mərkəzində tərəfimdən həyata keçirilir. Layihə müxtəlif səbəblərdən Türkiyəyə gələn və müvəqqəti yaxud daimi olaraq Türkiyə ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi problemlərinin həllində onlara dəstək verilməsi, miqrasiya məsələlərində maddi və mənəvi dəstək, evlilik, əmək fəaliyyəti, təhsil məsələlərində sənədləşmə işlərinə yardım və onların fəaliyyətlərini Türkiyə Cümhuriyyəti qanunvericiliyinə uyğun həyata keçirmək məqsədi daşıyır”. 
 
L.Süleymanlı bildirib ki, layihə vətəndaşlarımızın miqrasiya işlərinin tez və əksiksiz həll olunması; miqrasiya məsələlərinə bağlı “tibbi sığorta” almaları yönündə vətəndaşlarımızın məlumatlandırılması və “tibbi sığorta” ilə təmin olunmalarında dəstək verilməsi; vətəndaşlarımızın, xüsusən də tələbələrin maddi sıxıntılar və ya məlumat azlığı üzündən Türkiyə ərazisində müvəqqəti yaşama müddətinin bitməsi zamanı müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin alınması kimi məsələlərdə qarşılaşdıqları problemləri ən qısa zamanda həll etmək, onların uğraya biləcəyi maddi və mənəvi zərərin, hüquq və azadlıqlarının Türkiyə Cümhuriyyətinin qanunlarına uyğun olaraq tənzimlənməsinə dəstək verir: “Eləcə də evlilik məsələsində gərəkli sənədlərin toplanmasında köməklik göstərilməsi; vətəndaşlarımızın evlilik əsasında əldə etdikləri hüquq və vəzifələri haqqında məlumatlandırılması; Türkiyə Cümhuriyyəti vətəndaşları ilə evli olan Azərbaycan Rsepublikası  vətəndaşlarının evlilik müddətində və ya nikahın ləğvində  hüquqlarının təmin edilməsi; haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşlarımızın Türkiyə qanunvericiliyi ilə sahib olduqları hüquqlarının təmin edilməsi və müəyyən edilmiş qaydada iş icazəsinin alınması istiqamətində hüquqi məsləhətlərin verilməsi və məlumatlandırılması; iş və elmi təcrübə programlarında iştirak etmək zərurəti ilə müvəqqəti olaraq Türkiyə Cümhuriyyəti ərazisində yaşayan və ya sağlıq problemləri səbəbi ilə qısa müddətli olaraq Türkiyəyə gələn Azərbaycan Respublikası vətəndaşlarının Türkiyə Cümhuriyyəti qanunvericiliyinə uyğun şəkildə davranmaları və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etmələri ilə bağlı məlumatlandırılmasında vətəndaşlarımıza hüquqi dəstək verilir”. 

Layihənin icra müddətinin birinci mərhələsinin keçən ilin 1 sentyabr-31 dekabrı əhatə etdiyini, ikinci mərhələyə isə martın əvvəlindən başlandığını deyən L.Süleymanlı lyihənin iyunun 31-dək davam edəcəyini bildirib: “Əgər zərurət yaranarsa məmnuniyyətlə davam etdirmək niyyətindəyik.

Qeyd etdiyim kimi lahiyə ilk öncə 4 aylıq olaraq başlamışdı. Amma bu lahiyə sayəsində çox sayda soydaşımıza hüquqi dəstək verdiyimiz üçün lahiyə 1 martdan etibarən təkrar həyata keçməyə başladı”.

Layihə çərçivəsində görülən işlərdən danışan həmsöhbətimiz bildirib ki, 1 sentyabr-31 dekabrı aralığında 119 vətəndaşımızın probleminə dəstək olub: “Eyni zamanda 26 vətəndaşımıza müxtəlif istiqamətlərdə (Türkiyə ərazisində daşınır və daşınmaz əmlak alımı, evlilik və boşanma prosedurları, qanuni əmək fəaliyyəti əldə edilməsinə dair qanun və prosedur) hüquqi məsləhətlər verilmiş və onlara lazımi sənədlərin hazırlanması və əldə edilməsində, səlahiyyətli dövlət qurumlarına müraciət edilməsində köməklik göstərilib, hüquqi məsləhətlər verilib və onlara lazımi sənədlərin hazırlanması, əldə edilməsində, səlahiyyətli dövlət qurumlarına müraciət edilməsində köməklik göstərilib. 
Onu da deyim ki, indiyədək sosial mediada canlı yayınlar vasitəsilə yüzlərlə vətəndaşlarımız məlumatlandırılıb. Layihə Türkiyənin Ankara şəhərində həyata keçməkdədir və vətandaşlarımıza hər cür hüquqi dəstək göstərilməkdə davam ediləcək”.

Pandemiya dönəmində Azərbaycan vətəndaşlarının hüquqi dəstək problemlərinin daha çox özünü büruzə verdiyini deyən layihə rəhbəri deyib ki, COVID-19 pandemiyası xəstəliklə yanaşı stress və maddi çətinlikləri artırıb. Eyni zamanda bu Türkiyədəki vətəndaşlarımızın hüquq pozuntuları ilə üzləşməsinə də səbəb olub: “Pandemiya insanları evə məhkum etdi, bunun bir tərəfdən müsbət tərəfləri var - ailə dəyərləri, ailə bağlarının möhkəmlənməsi, ünsiyyətlərin yaxşılaşmasının nə qədər əhəmiyyətli olmasının fərqində olduq. Amma mənfi təsirləri daha çox özünü büruzə verdi - maddi çətinlik, işsizlik ailəiçi şiddət pik səviyəyə qalxdı. İnsanları maddi və mənəvi sıxıldıqca, boşanmaların sayı artdı , təəssüf ki, bundan Türkiyədəki Azərbaycan vətəndaşları da istisna deyil”.