Bakının əsas prospektlərindəki nəqliyyat sıxlığının səbəbi bu imiş
    • 25-05-2021, 10:04
    • 250

Bakının əsas prospektlərindəki nəqliyyat sıxlığının səbəbi bu imiş

Bakının əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində yaranan sıxlığın səbəbi bəlli olub.

News24.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində Bakı Nəqliyyat Agentliyinə əvvəlcədən məlumat verilmədən dəyişiklik edilib: "Belə ki, Ə.Əliyev küçəsindən gələn nəqliyyat vasitələrinin Neftçilər prospekti-Dəniz vağzalı istiqamətində geriyə dönmə yeri bağlanıb. “Azneft” dairəsi istiqamətində isə yol daraldılıb. Nəticədə qeyd olunan hissədə «butulka effekti» yaranıb. Bu səbəbdən də səhər saatlarından hazırki vaxtadək Neftçilər prospekti, Z.Əliyeva, Ü.Hacıbəyov, Y.Səfər, A.Cəlillov, eləcə də digər mərkəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaranıb. 
Bir daha bildiririk ki, paytaxt ərazisində nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir dəyişiklik planlı və Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmaqla həyata keçirilməlidir. Müvafiq razılaşdırma və koordinasiyasız olunan dəyişiklik bu cür xoşagəlməz nəticələrə səbəb olur. Bu isə hərəkət iştirakçılarının, xüsusən də ictimai nəqliyyat istifadəçilərinin lüzumsuz yerə tıxacda qalaraq vaxt itirməsi deməkdir".