SOCAR bədbəxt hadisə ilə bağlı məlumat yaydı
    • 17-07-2021, 17:10
    • 485

SOCAR bədbəxt hadisə ilə bağlı məlumat yaydı

Sosial şəbəkələrdə dəniz özüllərinin birində bədbəxt hadisənin baş verməsi haqqında məlumat yayılıb.

News24.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, bu gün SOCAR-ın istismar etdiyi dəniz özüllərinin heç birində qəza baş verməyib, əməliyyatlar normal rejimdə davam edir: "SOCAR-ın dənizdə işləyən əməkdaşlarına hər hansı zərər dəyməyib. İctimaiyyətin sorğularına əsasən apardığımız araşdırma nəticəsində Səngəçal qəsəbəsinin yaxınlığında istismardan çıxarılmış bir özüldə köhnə metalın yığılmasını həyata keçirən və SOCAR-a aid olmayan şirkətlərdən birində bədbəxt hadisənin baş verməsi haqqında ilkin məlumat əldə etmişik. Məlumata görə, hadisə nəticəsində həmin şirkətin bir əməkdaşı dünyasını dəyişib".

Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişən şəxs 1990-cı il təvəllüdlü, Ağdam rayon Əlimədədli kənd sakini Babək Tofiq oğludur. O, metal doğrama sahəsində çalışırdı.