-
- 30-07-2021, 10:40
- 432
Xətaidə heyvan kəsimi məntəqələrində reydlər keçirildi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yerli icra orqanları ilə birlikdə Xətai rayonunda fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərinə baxış keçirib.
AQTA-dan News24.az-a verilən məlumata görə, yoxlama zamanı Xətai rayonu, M.Rüstəmov küçəsində fəaliyyət göstərən heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib.
Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Eyni zamanda, Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilib, müasir kəsim məntəqələrində həyata keçirilməsi üçün zəruri məlumatlar verilib.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə, qanunazidd fəaliyyətdən yayınmağa çağırır. Qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.