Sabirabadda su kanalından meyit tapıldı
    • 12-08-2021, 11:26
    • 252

Sabirabadda su kanalından meyit tapıldı

Baş Prokurorluq Sabirabadda kanala düşən avtomobildə meyitin tapılması ilə bağlı araşdırma aparır.

Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqusun 11-i saat 10 radələrində Sabirabad rayonu ərazisində su kanalında Mirzəyev Elman Nizami oğlunun avtomobildə meyitinin aşkar edilməsi faktı ilə bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində xəsarət və ya xəsarət izləri aşkar edilməyib.

Qeyd edək ki, Sabirabadda avtomobil kanala aşıb, avtomobilin içində meyit aşkar olunub. Suvarma kanalında kənd sakinləri tərəfindən aşkar olunan avtomobil sudan çıxarılan zaman orada kişi meyiti aşkar olunub. Sonradan məlum olub ki, meyiti tapılan şəxsin həmin avtomobilin sürücüsü Şirvan sakini, 1980-ci il təvəllüdlü Mirzəyev Elman Nizami oğludur.

Fövqəladə Hallar Nazirliyi (FHN) də dünən Sabirabadda avtomobilin su kanalına düşməsi, sürücünün ölməsi barədə məlumat yayıb.

Məlumatda bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Bala Həşimxanlı kəndi ərazisində "Mercedes" markalı minik avtomobilinin su kanalına düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin səyi nəticəsində avtomobil su kanalından çıxarılıb və içərisində aşkarlanan 1981-ci il təvəllüdlü Mirzəyev Elman Nizam oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.