İranın Türkiyə ilə bağlı narahatlığına politoloqdan SƏRT CAVAB: “Seperatçılara YARDIM EDƏN ölkə...”
    • 13-09-2021, 15:12
    • 583

İranın Türkiyə ilə bağlı narahatlığına politoloqdan SƏRT CAVAB: “Seperatçılara YARDIM EDƏN ölkə...”

İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə Türkiyə və Azərbaycanın Xəzər dənizində hərbi təlimlərini şərh edərkən narahatlığını dilə gətirib: “Xəzərin hüquqi statusu haqqında bəyannamə bu məsələyə tam şəkildə aydınlıq gətirdi. Beş Xəzəryanı dövlət digər dövlətlərin dənizdə iştirakının qanunsuz olması barədə razılıq əldə ediblər. Məsələ Xarici İşlər Nazirliyində müzakirə olunur”. 

Politoloq Elxan Şahinoğlu məsələni News24.az-a şərh edib.

Elxan Şahinoğlu İranın öz səhvlərini ört-basdır etmək üçün bu varianta əl atdığını deyib: “İran əvvəlcə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qaçaqmalçılıq yolu ilə naməlum yüklərin daşınması məsələsinə aydınlıq gətirsin. İran Azərbaycan ərazisinə qanunsuz formada necə daxil olur? Seperatçılara daşınan yüklərin həcmi artmaqdadır. Bu, bizim İranın siyasətinə ən böyük iradımızdır. 

Xəzərdə birgə təlimlərə gəldikdə isə bəli, Xəzərin statusu müəyyənləşib. 5 xəzəryanı dövlət öz aralarında əməkdaşlıq edirlər. Bu, o demək deyil ki, Xəzəryanı dövlətlər başqa ölkələrlə əməkdaşlıq edə bilməzlər. Məsələn, biz istəyirik ki, hərbi dəniz qüvvələrini gücləndirək. Dost dövlətlərdən bu istiqamətdə yardım ala və birgə təlimlər keçə bilərik. Buna tam ixtiyarımız çatır. Digər tərəfdən Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Türkiyənin yerinə seperatçılara dəstək verən ölkə və ya Rusiya ilə təlim keçməliydik?  Türkiyə bölgə ölkəsidir. Bundan əlavə Azərbaycan Qara Dəniz hövzəsi ölkələrinin iclaslarında iştirak edir. Bizim heç Qara Dənizə çıxışımız yoxdur. Belə olan halda Qara Dəniz dövlətləri də etiraz etsin ki, Azərbaycan bu məkana aid deyil. Təbii ki, bu, məntiqsiz yanaşmadır. İran bizim suallarımıza cavab vermək əvəzinə mənasız iradlar irəli sürür”. 

Siyasət şöbəsi