Bayram Nurlunun iddiasına TƏBİB-dən CAVAB
    • 21-10-2021, 16:48
    • 292

Bayram Nurlunun iddiasına TƏBİB-dən CAVAB

Xəbər verdiyimiz kimi, Qaxda 9 yaşlı İbrahimxəlil Qasımzadə və onun əmisi oğlu 12 yaşlı Murad Qasımlı göbələkdən zəhərlənərək vəfat edib. İbrahimxəlil Qasımzadənin dayısı, ektrasens Bayram Nurlu iddia edib ki, hər iki uşaq həkim məsuliyyətsizliyinin qurbanı olub. Onun sözlərinə görə, həkimlər məsələnin ciddiyyətinin fərqinə varmayıb və uşaqları vaxtında Bakıya göndərməyiblər: “O Qaxdakı savadsız, diplomu alıb orada oturan həkim uşaqları xəstəxanaya gedən gün sistem qoşub, ambulansla Bakıya göndərsə, bu hadisə yaşanmazdı. Bu, hadisə həkimin günahıdır. Mesajlarıma, zənglərimə cavab vermir. Lazımi orqanlara rəsmi qaydada müraciətlərimiz olacaq”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidməti məsələ ilə bağlı News24.az-ın sorğusunu belə cavablayıb: 

“Qax Qax Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Qax rayonu Tasmalı kənd sakinləri 10.11.2009-cu il təvəllüdlü Qasımlı Murad Mübariz oğlu, 14.06.2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu və 15.06.1974-ci il təvəllüdlü Qasımov Mübariz İbrahimxəlil oğlu 18.10.2021-ci il tarixdə, saat 07:52 radələrində Qax RMX PHŞ –in TTY bölməsinə müraciət ediblər. Daxil olarkən hər iki uşaqda qarında ağrı, ürək bulanma, qusma, ümumi zəiflik şıkayətləri olub. 

Xəstələr ilkin tibbi müayinədən sonra təmizləyici imalə olunub, serumlar köçürülüb, analizlərinin nəticələri qənaətbəxş olduğu üçün həmin gün günorta radələrində kafi vəziyyətdə evə buraxılıblar. 19.10.2021-ci il tarixdə  yenidən TTY bölməsinə müraciət ediblər. Yeni müayinə və müalicələrdən sonra vəziyyətləri ağır dəyərləndilib, Bakı Klinik Tibbi Mərkəzin toksikoloqu ilə əlaqə saxlanılıb, hər üç xəstə göndəriş əsasında Bakı KTM Toksikologiya şöbəsinə təcili evakuasiya olunublar. Həkim səhlənkarlığının olub-olmamasının araşdırılması ilə bağlı ailə aidiyyatı üzrə müraciət edə bilər”.