"28 illik bağlı qapımı bu açarla açacam" - Video - Foto
    • 6-11-2021, 16:26
    • 519

"28 illik bağlı qapımı bu açarla açacam" - Video - Foto

"Çox böyük evimiz var idi, ucu-bucağı görünmürdü. Bu gün bircə arzum bu açarla Cəbrayıldakı evimizi açıb orada balalarımla yaşamaqdır". 

News24.az xəbər verir ki, bu sözləri öz doğma yurdunu erməni hücumu nəticəsində tərk etməyə məcbur olan Cəbrayıl sakini Xatirə Xanlarova deyib. 

Cəbrayılı tərk edəndə Xatirə xanımın bətnində övladı olub. Həmin övlad hazırda 28 yaşında olan Fəridə Feyzullayevadır: "Mən Cəbrayılı heç görməmişəm. Oranı yalnız anamın xatirələrində eşitmişəm və fotolarda görmüşəm. Amma hər zaman daxilimdə ora qayıdacağımıza inanmışam. Atam torpaq uğrunda şəhid olub və mən şəhid övladı olmağımla qürur duyuram. Atasız olmaq əlbəttə çox çətindir, amma mənim atam öz yurdunun azadlığı uğrunda vuruşub.Atamla fəxr edirəm". 

Ailənin böyük qızı Günel Feyzullayeva Cəbrayıl ermənilər tərəfindən işğal olunduqda 2 yaşında olub. Həmin günü isə anasının cümlələrində xatırlayır. Bircə o yadındadır - həmin gün çox soyuq olub və güllə səsləri hər zaman onun yaddaşındadır. 

Feyzullayevlər ailəsi hələ Cəbrayıla getməyiblər, amma ora gedəcəkləri günü həsrətlər gözləyirlər. Və onlar 28 illik bağlı qapılarını qoruyub saxladıları açarları ilə açmaq arzusundadırlar. 

Ülkər Qasımova 
Montaj: Nicat Niftəliyev