“Utandım, tüklərim biz-biz oldu" - İmişlinin deputatı 11 YAŞLI ANADAN danışdı
    • 30-10-2021, 14:43
    • 2 407

“Utandım, tüklərim biz-biz oldu" - İmişlinin deputatı 11 YAŞLI ANADAN danışdı

İmişli rayonunda hamilə olan 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ölkə gündəmini silkələdi. Respublika Klinik Xəstəxanasının hamiləlik patologiyası şöbəsindən bildirilib ki, uşaq 30-31 həftəlik, qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Ananın vəziyyəti yaxşıdır, uşağın isə vəziyyəti ağırdır. Araşdırma zamanı məlum olub ki, azyaşlını ögey atası Q.Fərəcov bir neçə dəfə zorlayıb.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi də başlanılıb. Hazırda istintaq davam edir.


İmişli rayonunun millət vəkili Razi Nurullayev məsələ ilə bağlı News24.az-a açıqlama verib.

O bildirib ki, xəbəri ilk dəfə oxuyanda dəhşətə gəlib: “Məlumatı beynimdə dərk edəndən sonra tüklərim biz-biz oldu. Utanc hissi keçirdim. Hərçənd ki, bu utanc hissini alçaq və yaramaz hərəkəti edənlər, buna göz yumanlar keçirməlidir. Bu tip hadisələrin ölkəmizdə çoxalmasının bir neçə səbəbi var. Qız uşaqlarının məktəblərə buraxılmamasını buna nümunə deyə bilərik. Nəticə etibarilə təhsilsizlik cahilliyə səbəb olur. Bizim cəmiyyətimizin özünün də bir məsuliyyəti var. Bu tip hadisələrdə ailələr biabırçılığı ört-basdır etmək üçün cavan bir insanın həyatını qurban verirlər. Ata, ana, bacı, qardaş və s. öz ad-sanını qorumaq üçün bunu edirlər. Ancaq nəticə etibarilə bu, çıxış yolu olmur və sonda biabırçılıq yaşanır”. 

Deputat məsələnin həlli üçün bir neçə çıxış yolu təklif edib: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İcra Hakimiyyətinin nümayəndələri, bələdiyyələr və müxtəlif dövlət orqanları ilə apardığı işlər nəticəsində bütün ölkə boyu narahat ailələr barədə məlumat yığmalıdır. Belə olan halda komitə həmin ailələrə, şəxslərə nəzarət edə biləcək. Hər bir rayonda və kənddə icra nümayəndəsi var. O icra nümayəndəsi kənddə demək olar ki, hər kəsi tanıyır. Həmin nümayəndələr kimin yaxşı, kimin pis ailə olduğunu yaxşı bilir. Həmin şəxs ailədəki problemləri - məsələn, xəyanət, zorakılıq və s. komitəyə təqdim etməlidir. Komitə isə heç olmasa ayda iki dəfə sözügedən məsələləri tətfiş edə bilər. Xüsusilə, kənd və rayon yerlərində uşaqların dərslərdə davamiyyəti nəzarətdə saxlanılmalıdır. 

Məktəblərdə müəllimlər və tərbiyəçilərlə elə münasibət olmalıdır ki, uşaqlar öz ata-analarına, qardaş-bacılarına demədiklərini onlara desinlər. Təbii ki, tərbiyəçi də buna görə onu söyməyəcək, danlamayacaq, biabır etməyəcək və məktəbdən qovmayacaq. Bizim cəmiyyətdə stereotip çoxdu. Bu səbəbdən bir çox insan sözünü deməyə qorxur. Düşünürlər ki, problemlərini bölüşsələr, cəmiyyət onları linç edəcək, diskriminasiyaya məruz qoyacaq, lağ-lağaya salacaq. Problemli şəxslər sirrini özündə saxladığı üçün ya öldürülür, ya da həyatları puç olur. Cəmiyyətimiz insanları sıxışdırmamalı, onları linç etməkdən əl çəkməlidir. Belə olan halda iradəsi zəif olanlar belə qorxmadan öz dərdlərini deyə bilər. Çıxış yolu intihar və ya zorakılıq olmamalıdır”. 

Razi Nurullayev qız uşaqlarının təhsil almasının vacibliyinə də toxunub: “Mən İmişlidə oxuyub, boya-başa çatmışam. Bizim vaxtımızda qız uşaqları 4-cü sinfə qədər məktəbə gedirdi. Sonra heç kim övladını məktəbə buraxmırdı. Aran rayonlarında bu problemlə bağlı müəyyən qədər inkişaf olsa da tam həllini tapmayıb. Bu məsələ ilə bağlı çox ciddi dövlət siyasəti həyata keçirilməlidir”.