Azərbaycanda qadın sevgilisini xalası oğlu adı ilə evə gətirib əri ilə tanış etdi – ŞOK OLAY
    • 5-11-2021, 14:07
    • 1 247

Azərbaycanda qadın sevgilisini xalası oğlu adı ilə evə gətirib əri ilə tanış etdi – ŞOK OLAY

Noyabrın 2-də Gəncə Ağır Cinayətlər Məhkəməsində bu ilin 18 iyun tarixində Tərtər rayon Məhkəməsinin qarşısında Samux rayon sakini, 1987-ci il təvəllüdlü Adəm Quliyevin (ad və soyadlar şərtidir) həyat yoldaşı Afət Quliyevanı bıçaqlayaraq öldürməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Şəki rayonunda yerləşən orta məktəbdə müəllim işləyən 34 yaşlı Adəm barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, gəzdirmə) maddələri ilə açılmış iş üzrə hakim Tural Əliyevin sədrliyi ilə keçirilən prosesdə şok faktlar üzə çıxıb.

Məlum olub ki, bu ilin mart ayında həyat yoldaşının ona xəyanət etməsini öyrənən və Afətlə birgə nikahdan 3 övladı olan Adəm boşanmaq qərarına gəlib və qeydiyyatda olduğu ərazi üzrə Tərtər rayon Məhkəməsinə müraciət edib. Lakin sonradan o, xanımının xəyanətini həzm edə bilməyib və onu öldürmək qərarına gəlib.

A.Quliyev ifadəsində deyib: “Afəti dayım tanımadığımız ailədən övladlığa götürüb saxlamışdı. Sonra onunla ailə qurdum, 3 övladımız oldu. Hadisədən təxminən 2 ay əvvəl evdə olarkən onun telefonda kiminləsə danışdığının şahidi oldum. Afətdən kiminlə danışdığını soruşduqda bacısı Könüllə danışdığını bildirdi. Əmin olmaq məqsədilə telefonu alıb nömrəyə və mesajlara nəzər yetirdikdə danışdığı şəxsin adının Könül olaraq qeyd edildiyini və aralarında baş tutmuş yazışmaların başqa məzmunlu olduğunu gördüm. Bundan sonra Afətin mənə xəyanət etdiyini və Könül adı ilə qeydə aldığı şəxsin qeyri-rəsmi münasibət saxladığı oğlan olduğunu başa düşdüm. Həmin yazışmalar zamanı Afət öz yarıçılpaq şəkillərini danışdığı şəxsə göndərmişdi. Mən həmin nömrənin “Whatsapp” profilində yerləşdirilmiş şəkilə baxdıqda onun İsrafil olduğunu tanıdım. Həmin vaxt Afət İsrafillə aralarında münasibətin olduğunu etiraf etdi. Bundan sonra mən Afətdən boşanmaq qərarına gəldim və həmin gün bir yerdə yaşaya bilməyəcəyimizdən Afəti evdən göndərdim. Təxminən aprel ayının əvvəllərindən o, Tərtərin Şıxarx qəsəbəsində nənəsigildə yaşamağa başladı. Mən İsrafil adlı şəxsi Afətin bacısı Könül yaşadığım evə qonaq gəldiyi vaxt tanımışam. Belə ki, bu ilin mart ayının 19-da Könül İsrafillə bizə gələrək həmin şəxsin xalası oğlu olduğunu bildirdi. Həmin gün evimə dayım, yəni Afəti övladlığa götürən şəxs və digər qohumlarım da qonaq gəlmişdi. Birlikdə oturub söhbətləşib yemək yedikdən sonra digər qohumlarım evlərinə getdilər. İsrafil isə həmin gecəni bizdə qaldı. Daha sonra mənə məlum oldu ki, həmin şəxs əslində Afətin xalası oğlu deyil, qeyri-rəsmi münasibətdə olduğu şəxsdir və həmin gecə mənim evimdə cinsi əlaqədə olublar. Mən arvadımın mənə xəyanət etdiyini öyrəndiyim gün onu öldürmək barədə qərara gəldim və aramızda olan nikah münasibətinə xitam verilməsi üçün məhkəməyə rəsmi olaraq müraciət etdim”.

Təqsirləndirilən şəxs deyib ki, əvvəlcə Afətin ona xəyanət etməsini, başqası ilə görüşməsini məhkəmədə sübuta yetirmək istəyib. Lakin daha sonra onu öldürməyi qətiləşdirib: “Afəti öldürmək üçün bir müddət gözlədim ki, mənə xəyanət etməsi və əxlaqsız hərəkətlərə yol verməsi məhkəmə tərəfindən təsdiq olunsun. Məhkəmə nikah münasibətlərinə xitam verilməsi üçün bir dəfə iclas təyin etdi, bundan sonra məhkəmənin növbəti iclası iyun ayının 18-ə təyin edildi. Bundan sonra məhkəmə iclasına gedərkən Afəti öldürməyi qərarlaşdırdım. Bu məqsədlə 18 iyun 2021-ci il tarixdə səhər tezdən Samuxdan Tərtərə gəldim, təxminən səhər saat 10:30-da Tərtər rayon məhkəməsinin qarşısına çatdım və orada, məhkəmənin yaxınlığında yerləşən çayxananın yanında Afətin məhkəməyə gəlməsini gözlədim. Saat 11 radələrində Afətin bazar tərəfdən məhkəməyə doğru gəldiyini görüb dərhal onun yanına gedərək öldürmək üçün özümlə götürdüyüm bıçaqla bədəninin müxtəlif nahiyələrindən zərbələr endirdim. Daha sonra məqsədim Afəti öldürmək olduğundan onun boğazını bıçaqla kəsdim. Bu zaman ətrafda olan vətəndaşlar və polis əməkdaşları qaçaraq Afəti mənim əlimdən aldı və məni polis şöbəsinə gətirdilər. Hazırda övlalarım qardaşımın himayəsində yaşayır”.

Məhkəmədə ifadə verən qətlə yetirilmiş qadının bacısı Könül Məmmədova Adəmin dediklərini təsdiqləyib. O bildirib ki, bacısı körpə olarkən övladlığa verildiyindən onu uzun illər sonra Xoşqədəm Hidayətqızının verilişi vasitəsilə tapıb və Bakıdan Samuxa onunla görüşə gedərkən Afət sevgilisi İsrafilin də ona qoşularaq gəlməsini və həmin şəxsin guya xalası oğlu olmasını ondan xahiş edib. Könül də bacısının xahişini yerinə yetirib: “Afət körpə vaxtlarında tanımadıqları ailəyə övladlığa verildiyindən münasibətilərimiz kəsilmişdi, lakin ailə üzvlərim və ətrafındakı insanlardan bacımın övladlığa verildiyini eşitmişdim. 2019-cu ildə bacımı tapmaq üçün Xoşqədəm Hidayətqızına müraciət etmişdim. Bundan sonra Xoşqədəm Hidayətqızı axtarıb bacımı tapdı, bizi görüşdürdü və beləcə, Afətlə əlaqəmiz yarandı. Həmin vaxtdan etibarən həftədə bir-iki dəfə Afətlə əlaqə saxlamışam. Lakin onların evinə çox az qonaq getmişəm. 18 mart 2021-ci il tarixdə Afət zəng edərək bayram münasibətilə məni öz evlərinə qonaq dəvət etdi. Danışıq zamanı mənim nömrəmi bir nəfər şəxsə verəcəyini, həmin adamın mənlə əlaqə saxlayacağını və onu da özümlə Afətgilə gətirəcəyimi dedi. Eyni zamanda, Afət telefonda mənə həmin adamı çoxdan tanıdığını bildirdi. 19 mart 2021-ci il tarixdə səhər saat 8 radələrində evdən çıxaraq taksiyə əyləşib Bakıya yola düşdüm. Taksidə gedərkən İsrafil öz istifadəsində olan nömrədən mənə zəng edərək hara gəlməli olduğunu bildirdi. Mən Bakını yaxşı tanımadığıma görə telefonu taksi sürücüsünə verdim və İsrafil hara gəlməli olduğunu sürücüyə izah etdi. Bundan sonra “20 Yanvar” dairəsi adlanan ərazidə taksidən düşdüm və İsrafilin sürdüyü maşına minib Gəncəyə doğru yola düşdük. Samux rayonunda “Sovxoz” adlanan əraziyə çatdıqda İsrafillə birlikdə maşından endik. Maşına sonradan minən İsrafilin tanışı avtomobili sürüb getdi. Biz isə başqa bir taksiyə əyləşərək Afətgilin evinə getdik. Onlara çatdıqda evdə Afətin atası və digər qonaqlar vardı, lakin Adəm özü evdə deyildi. Evə girəndə Afət məni kənara çəkib içəridəki qonaqlara və əri Adəmə İsrafili xalamızın oğlu kimi təqdim etməyimi istədi. Mən Afətdən niyə belə etməli olduğumu soruşduqda Afət İsrafil adlı şəxslə “Tiktok” sosial şəbəkəsi vasitəsilə tanış olduğunu, aralarında qeyri-rəsmi münasibət yarandığını və mütəmadi olaraq telefonla əlaqə saxladıqlarını bildirdi. Bundan sonra mən onların evinə getməyimə peşman olsam da, geri qayıda bilmədim. Təxminən yarım saat sonra Adəm evə gəldikdə İsrafili xalamoğlu kimi təqdim etdim. İsrafil həmin qonaqlarla demək olar ki, söhbət etmədi, sadəcə, qısaca mağazada işlədiyini bildirdi. Mən Afətgildə olarkən İsrafillə aralarında olan münasibəti bildiyimdən gecəni orada qalmaq istəmədim, lakin bacımın təkidindən sonra məcbur qalıb onlarda gecələdim. İsrafili xalamızın oğlu kimi təqdim etdiyimdən Adəm də İsrafilin onlarda qalmasına etiraz etmədi. Axşam yemək yedikdən sonra digər qonaqlar öz evlərinə getdi. Həmin gecəni mən və Afət zalda, İsrafil digər otaqda, Adəm isə öz otaqlarında yatdı. Səhər oyanıb çay içdikdən sonra İsrafillə birlikdə taksiyə əyləşib vağzala getdik və Bakıya yollandıq. Yolda İsrafilə öz iradını bildirdim və məsələnin üstü açılarsa, hamının onu qınayacağını dedim. Sonradan İsrafilin Tərtər rayonu, Seydimli kəndində yaşadığını, qonşumuz Mahirin oğlu olduğunu bilmişəm”.

Gəncə Ağır Cinayətlər Məhkəməsi qısqanclıq zəminində həyat yoldaşını qətlə yetirən şəxsi 9 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.