Xanımını zirzəmiyə salıb sümüklərini sındırdı, qızı gəlib əlindən dişlədi - TƏFƏRRÜAT
    • 15-11-2021, 11:12
    • 330

Xanımını zirzəmiyə salıb sümüklərini sındırdı, qızı gəlib əlindən dişlədi - TƏFƏRRÜAT

Abşeron rayon Məhkəməsində Laçın rayon Minkənd qəsəbəsində doğulmuş və Pirəkəşkül qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Şamil Paşayev barəsində Cinayət  Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə törədildikdə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, məhkəmədə Şamilin həyat yoldaşı Ziyafətə (şərti adlı) mütəmadi işgəncələr verməsi, onu döyməsi məlum olub.

Bu il mayın 18-də baş vermiş hadisədən sonra isə həyat yoldaşına qarşı amansız rəftar edən 31 yaşlı şəxs barəsində cinayət işi açılıb.

Məhkəmədə ifadə verən zərərçəkən qadın ərinin onu heç bir səbəb olmadan döydüyünü, müxtəlif sümüklərini sındırdığını deyib. Məlum olub ki, Şamil azyaşlı övladlarının gözləri qarşısında arvadını yerə yıxaraq xüsusi əzab və iztirab verdiyini dərk edərək yumruq və təpiklə Ziyafətin saçından tutub başını divara vurub, sonra isə yerə yıxaraq yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə zərbə endirərək alnında sıyrıqlar, sağ körpücük, sağ bazu, sağ diz oynağı nahiyələrində qançırlar, sol 11-ci qabırğanın sınığı kimi xəsarətlər yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurub.

Z.Paşayeva ifadəsində deyib: “Şamil ilə 2011-ci ildə ailə həyatı qurmuşam, birgə nikahdan üç azyaşlı övladımız var. Ailə həyatı qurduqdan sonra Şamil mənimlə mütəmadi olaraq səbəbsiz yerə mübahisələr edib məni döyübr. Bu barədə əvvəllər heç kimə deməsəm də, sonuncu dəfə 18 may tarixdə saat 19-20 radələrində yaşadığım evdə məni səbəbsiz yerə döydüyü üçün səhəri günü saat 09 radələrində qardaşıma zəng etdim. Sonra qardaşım evə maşın göndərib, uşaqlarımla birgə məni evinə apardı. Orada onun halım pisləşdiyi üçün təcili tibbi yardım çağırıldı. Həmin hadisədən bir neçə gün əvvəl Şamil yenəə mübahisə edib məni öldürəcəyini demişdi. 18.05.2021-ci il tarixdə saat o, saat 17 radələrində o, işdən evə gəldi, yemək istədikdə ona yemək verdim, sonra mənə «səni döyəcəm, səndən üç gündür yığıram» dedi. Şamilə məhəl qoymayıb ona yemək verdikdən sonra hamama gedib paltarları yudum, sonra isə evə gəldikdə qızıma dərslərini başa salmağa başladım, Şamilin isə divanda uzanmışdı. Uşağın yazısını yazıb dərsini oxumadığını soruşduqda qızım atasının «yazma, axşam mən sənə başa salaram onda yazarsan» dediyini bildirdi. Heç nə demədən hamama getdim. Daha sonra uşaqların səs-küyünü və qışqırdıqlarını eşidəndə yuxarı çıxdım, Şamil uşaqları pilləkəndən aşağı salanda oğlumu qucağıma götürdüm, Şamil böyük qızı evin zirzəmisinə, məni isə mətbəxə salıb ondan gizlin qardaşlarımla görüşməyimi bəhanə edərək məni döyməyə başladı. Həmin vaxt Şamil başımdan, yəni saçımdan tutub divara vurub yerdə məni evin bu başından o biri başına sürüdü, sonra isə yerdə təpik və yumruqla bədənimin müxtəlif nahiyyələrinə, qabırğalarıma vurub məni döydü. Şamil məni əli ilə boğanda balaca qızım arxadan Şamili dişlədiyi üçün o, məni buraxmağa məcbur oldu”.

Əri tərəfindən amansız rəftarla üzləşən gənc qadın yaşadığı Pirəkəşkül qəsəbəsində əri Şamilin bir neçə dəfə onu döydüyü üçün DİN-nin 102 xidmətinə məlumat verdiyini, sonra isə qohum-əqrəbasinin təkidi ilə şikayətini geri götürdüyünü bildirib. Məhkəmədə Ziyafət Paşayeva şifahi qaydada Şamillə barışdığını və ondan şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmə Şamil Paşayevi 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib və onun ayağına elektron izləmə cihazı taxılıb.