Qənirə Paşayeva: “Əngəl insanların cismində yox, DÜŞÜNCƏSİNDƏDİR” - FOTO

Qənirə Paşayeva: “Əngəl insanların cismində yox, DÜŞÜNCƏSİNDƏDİR” - FOTO
SOSİAL / MƏDƏNİYYƏT

3-12-2021, 17:40

Mətn ölçüsü

Bu gün Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Əlillər Gününə həsr olunan “Sərhədsiz sənətkarlıq” adlı xeyriyyə sərgi-satış yarmarkası keçirilib.

News24.az-ın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Azərbaycan Milli Xalça Muzeyi, “GülSam” Əlillərin Reabilitasiya İctimai Birliyi və Gözdən Əlillər Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Sərgi-satış yarmarkasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Millət vəkili, “Masallı təhsil fondu”nun sədri Məşhur Məmmədov, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva və digər rəsmilər iştirak edib.

Xeyriyyə sərgi-satış yarmarkasında görmə, eşitmə və hərəkət imkanları məhdud insanların əl işləri olan rəsm, xalça və digər dekorativ-tətbiqi sənət nümunələri təqdim olunub. Fiziki imkanları məhdud insanların yaradıcılığının ictimaiyyət arasında təbliği, onların əl işlərinin satışına dəstək məqsədilə keçirilən tədbirdə əldə olunan gəlir həmin şəxslərin maddi durumunun yaxşılaşdırılmasına sərf ediləcək.

Tədbirdə muzeyin Uşaq şöbəsi tərəfindən fiziki imkanları məhdud uşaqlar üçün ustad dərslər keçirilib.

Bundan əlavə, Dövlət Ermitajının Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə etdiyi Pazırıq kurqanından tapılmış qədim keçə fraqmentinin taktil nümunəsi də qonaqlara təqdim olunub.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək bu fikirləri bölüşüb: “Ümumiyyətlə, “əlil” və “əngəlli” sözlərini sevmirəm. Gözümüzün görməməsi, ayaqlarımızın işləməməsi əngəl deyil. Sənətə, istedada heç bir əngəl yoxdur. Əngəl insanların düşüncəsində olur. Bu gənclər çox insanların görmədiyindən də daha yaxşısını görür və minlərlə insana örnəkdilər. Hər kəs baxa bilər, amma hamı görmür. Əngəlli insan yoxdur, əngəlli baxış və cəmiyyət var. Mədəniyyət Komitəsi daima belə istedadlı gənclərin yanında olacaq”. 

Deputat qeyd edib ki, bu sərgi təkcə baxmaq üçün yox, həm də satış üçün nəzərdə tutulub: “Hər zaman belə gənclərin yaradıcılıq nümunələrini alıram. Çünki onlar qarşılarına çıxan əngəlləri aşaraq bu sənət əsərlərini ərsəyə gətiriblər. İnanıram ki, bütün əsərlər satılacaq”.

Qeyd edək ki, 2019-cu ildən ölkəmizdə ilk inklüziv muzey kimi fəaliyyət göstərən Azərbaycan Milli Xalça Muzeyi fiziki imkanları məhdud insanları daim diqqət mərkəzində saxlayır. Muzey inklüziv proqramları çərçivəsində fiziki məhdudiyyətli insanların ictimai-mədəni mühitdə bərabərliyinin təmin olunması, onlara psixoloji və mənəvi dəstək üçün fəaliyyətini davam etdirir.



Məhərrəm Əliyev Məhərrəm Əliyev