Səmayə Məmmədova bu dəfə "Peşəkarlığın rəsmi" ilə GÖRÜŞÜMÜZƏ GƏLDİ - FOTOLAR
    • 13-01-2022, 13:37
    • 825

Səmayə Məmmədova bu dəfə "Peşəkarlığın rəsmi" ilə GÖRÜŞÜMÜZƏ GƏLDİ - FOTOLAR

Tanınmış jurnalist Səmayə Məmmədovanın “Peşəkarlığın rəsmi” kitabının təqdimatı keçirilib.

News24.az xəbər verir ki, kitabın təqdimat mərasimində ictimaiyyət nümayəndələri, millət vəkilləri, mədəniyyət və KİV nümayəndələri iştirak ediblər. 

Tədbirdə çıxış edən ssenarist, publisist Nadir Bədəlov kitab haqqında təəssüratlarını bölüşüb:

“Peşəkarlıq haqqında çox yazılır. Bu təqdimatına yığışdığımız kitab vasitəsilə yeni bir Səmayəni kəşf edəcəyimə inanıram”.

Əməkdar jurnalist Şəlalə Həsənova deyib ki, kitabda PR sahəsində çalışanlar üçün olduqca maraqlı məqamlar var:  “Kitab o zaman maraqlıdır ki, onun arxasında zəka dayanır. Kitab o zaman heyranedicidir ki, içində ürək çırpıntısı hiss olunur. Kitabda olan PR haqqında maraqlı düşüncələr, dərin, mükəmməl mülahizələr bizim də bilgilərimizi dərinləşdirir. PR özü bölünməz bir prosesdir. Kitabın yaxşı cəhətlərindən biri odur ki, burada reallığı əks etdirən çox maraqlı tezislər, lövhələr var”.

Təqdimat mərasimində iştirak edən ombudsman Səbinə Əliyeva müəllifin peşəkarlığından danışıb: "O, öz sahəsi üzrə yüksək professionaldı və hesab edirəm ki, kitab bu sahədə fəaliyyət göstərən gənc nəsil üçün çox vacib və əhəmiyyətli bir vəsaitdir. Səmayə xanımın da qeyd etdiyi kimi, bu kitabın yazılması müddəti yeddi il zaman alıb. Və burdan da məlum olur, müəllif bu kitaba çox həssaslıqla yanaşıb". 

Millət vəkilləri Arzu Nağıyev, Vüqar İskəndərov da öz növbələrində müəllifi təbrik edib, ona işində daima uğur və müvəfəqqiyyətlər arzulayıblar. 

Əsərin müəllifi Səmayə Məmmədova çıxışında kitabın yazılma prosesindən danışıb:

“Mənim kitabım fasilələrlə yeddi ilə yazılıb. İngiltərədən qayıtdıqdan sonra kiçik məqalələr yazırdım. Sonradan düşündüm ki, niyə də kitab yazmayım? Kitabda nəzəriyyə ilə yanaşı təcrübə var”.

O qeyd edib ki, kitabı oxuyan şəxs həm Səmayə Məmmədovanı tanıya bilər, həm də mediaya yeni gələnlər bu kitabdan yararlana bilərlər:
“Kitabın təqdimat prosesində yardımçı olan insanlara təşəkkür edirəm. Bu gün mənim üçün olduqca önəmlidir. Çox xoşbəxtəm ki, tanrı mənim qarşıma gözəl insanlar çıxarıb”.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Səmayə Məmmədova ilə həm jurnalist, həm mətbuat katibi kimi paralel işlədiklərini deyib: "Və bütün bu illər ərzində Səmayə xanımı həm yaxşı jurnalist, həm gözəl mətbuat katibi kimi bütün media camiyəsinin sevimlisi olub. Nəzəriyyə nə qədər önəmlidirsə, təcrübə ondan da önəmlidir. Səmayə xanım da bu iki tərəfin hər birini öz kitabında bir araya gətirib. İnanıram ki, bu vəsaitdən qeyd olunan sahələrə meyilli olan gənclər istifadə edə biləcəklər". 

Tanınmış idman jurnalisti Sənan Şəfizadə müəllifin uzun illərdir işinə bələd olduğunu və bu imzada yalnız peşəkar işlərin təqdim olduğunu bildirib: "Bu kitabın sayəsində ictimaiyyətlə əlaqələr, eyni zamanda PR sahəsində yeni bir nəfəs gösləyirəm". 

Qeyd edək ki, kitabda jurnalist Səmayə Məmmədova 22 illik media təcrübəsini bölüşür. Kitab media və PR sahəsində çalışmaq istəyənlər üçün nəzərdə tutulub.

Məhərrəm Əliyev 
Foto:Nicat Nifəliyev