Yasamal rayonunda 7 küçə əsaslı təmir olunur - FOTO - VİDEO

Yasamal rayonunda 7 küçə əsaslı təmir olunur - FOTO - VİDEO
SOSİAL / Video / Foto

21-01-2022, 15:00

Mətn ölçüsü

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən avtomobil yolları, küçə və prospektlərdə təmir-bərpa, yenidənqurma işləri davam etdirilir.

AAYDA-dan News24.az-a verilən məlumata görə, bu çərçivədə Bakı Nəqliyyat Agentliyinin pilot layihəsi əsasında agentlik tərəfindən Yasamal rayonu Bəsti Bağırova və Məhəmməd Naxçıvani küçələrində, həmçinin bu küçələrlə kəsişən Giləzi, Murtuza Muxtarov, Cabbar Qaryağdıoğlu, Mirzə Fətəli Axundov və Mustafa Sübhi küçələrinin əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulur. Yenidənqurma işlərinin aparılması nəzərdə tutulan 7 küçənin ümumi uzunluğu 1 777 metrdir.

Məlumata görə, təmir-bərpa işlərinə Bəsti Bağırova küçəsində start verilib. Küçənin uzunluğu 450 metr, hərəkət hissəsinin eni ortalama 14,5 metr təşkil edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yararsız səki daşları sökülərək 1 100 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz olunur, yeni piyada səkiləri salınır. Küçə üzrə müasir şəhərsalma qaydalarına uyğun olaraq mövcud piyada səkilərinin bərpası və zəruri yerlərdə yenilərinin inşası ilə piyada yönümlülüyünün artırılması hədəflənir. Yenidənqurma işləri çərçivəsində küçə üzrə piyada səkilərinin sahəsi 8390 kv. metr, avtonəqliyyat vasitələrinin hərəkət etdiyi hissənin sahəsi isə 6 530 kv. metr təşkil edəcək.

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə yağış-kanalizasiya sisteminin bərpa olunaraq işlək vəziyyətə salınması, yeni yağış barmaqlıqlarının, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələrinin qaldırılaraq 78 ədəd yeni baxış qapaqlarının qoyulması da nəzərdə tutulub.

Bununla yanaşı ərazidə aidiyyəti qurumlar tərəfindən yeraltı kommunikasiya xətlərinin yenilənməsi, zəruri yerlərdə yeni xətlərin çəkilməsi işləri də aparılır. Bu isə gələcəkdə sözügedən küçələrdə örtüyün vaxtından əvvəl zədələnməsini sığortalamış olacaq.

Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları və xüsusi parklanma yerləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan yenidənqurma işləri mərhələli şəkildə 462 metr uzunluğa malik Məhəmməd Naxçıvani küçəsində, həmçinin Giləzi (110 metr), Murtuza Muxtarov (329 metr), Cabbar Qaryağdıoğlu (188 metr), Mirzə Fətəli Axundov (119 metr) və Mustafa Sübhi (119 metr) küçələrində də aparılacaq.

Xatırladaq ki, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İnvestisiya Proqramları çərçivəsində 2019-2021-ci illər ərzində Yasamal rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə əsaslı şəkildə təmir edilib.

YouTube