Məktəbli formaları ilə bağlı yeni qərar - Valideynlər niyə narazıdır?
    • 30-03-2022, 12:29
    • 1 131

Məktəbli formaları ilə bağlı yeni qərar - Valideynlər niyə narazıdır?

Məktəbli formalarının yenilənməsi haqda qərar gündəmə gələndən müzakirələr səngimir. Bir çox valideynlər bu qərarla razılaşmırlar. Onlar məktəbli geyimlərinin dəyişdirilməsini ailə büdcələrinə əlavə xərc, artıq məsrəf olduğunu düşünürlər.

Qeyd edək ki, Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsi təhsil alanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. Bu qərar 2022-2023-cü tədris ilindən tətbiq ediləcək. Hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris tətilinin sonunadək tətbiq edilə bilər. Qərarda bildirilir ki, 4 rəngdə geyim nümunəsi təklif olunur.  

Bəzi ekspertlər də sözügedən məsələdə valideynlərlə həmfikirdirlər. 


Sosioloq Lalə Mehralı News24.az-a açıqlamasında bildirib ki, bu, kiminsə biznesini genişləndirmək məqsədilə verilmiş bir qərardır: "Məktəbli geyimini üç ildən bir dəyişdirmək yüz minlərlə şagirdi və valideyni çətin vəziyyətdə qoymaq deməkdir. Vahid forma adı altında elə bir gülünc layihə təqdim ediblər ki,  burada ətək növü üç rəngdədir. Bu da kimlərinsə gəlir mənbəyi qənaətini yaradır. 
Tutaq ki, ailədə üç yaş fərqlə iki qız övladı var. Valideyn böyük qızının ətəyini növbəti il kiçik qızına geyindirmək istəyir. Yaxud bir çox ailə dərs ilinin ortasında övladının məktəbini dəyişir. Təhsil aldığı məktəbdən çıxarıb, digər məktəbə aparanda ona yeni forma almağa məcbur olacaq. Çünki əvvəlki  məktəbdə ağ rəngli forma geyinilirsə, yeni gedəcəyi məktəbdə mavi rəngli forma tələb olunacaq. Onda belə çıxır ki, valideyn bir ildə iki dəfə forma dəyişməlidir?"
Sosioloq onu da əlavə edib ki, məktəbli formasını almağa hər valideynin büdcəsi imkan vermir: "Eyni zamanda üç ildən bir geyim dəyişdirmək uşaqların psixologiyasına təsir edəcək və onların vahid forma anlayışı olmayacaq. Çox maraqlıdır ki, bir məktəbli forması neçə formada dizayn ediləcək. Bura podium, moda jurnalı deyil, bura məktəbdir və məktəblinin bir geyimi olar".


Təhsil eksperti Elçin Əfəndi
 News24.az-a açıqlamasında bildirib ki, məktəbli formalarını tez-tez dəyişdirmək istər şagird, istərsə də, valideynlər üçün problem yaradır: "Nazirlər Kabineti tərəfindən sonuncu verilmiş qərara əsaslansaq, orada 3 ildən bir formaların dəyişilməsi nəzərdə tutulur. Eyni zamanda  qız şagirdlərin şalvar geyinməsi də nəzərdə tutulub.  Xarici ölkələrlə müqayisə aparsaq,  orada da formalar ya hər il, ya da 3-5 ildən ildən bir dəyişir. Düşünürəm,  hər il dəyişilməkdənsə, 3 ildən bir dəyişilməsi  məqsədəuyğundur. Və bu yöndə yekun qərar verilməlidir. Vahid məktəbli forması müəyyənləşdirilməli, ondan kənara çıxılmamalıdır. Burda valideynlərin ümumi durumu da nəzərə alınmalıdır. Hər il hər il eyni formanı almaq, dəyişmək və yaxud tikdirmək, sözsüz ki, həm şagirdi həm valideyni çıxılmaz vəziyyətə salır. Maddi sıxıntı yaradır. Hər il geyim dəyişdikcə valideyn məcbur olub yeni forma alır. Qiymətlər də 48 - 50 manat, bəzən ondan da yuxarı olur. Amma bu standart olsa, valideyn önləmini alır. Yəni bilir ki, övladının hər il müəyyən qədər boyu arta bilər.

Eləcə də, geyimlərin tez-tez dəyişilməsi uşaqların psixologiyasına təsir edir. Ümumiyyətlə düşünürəm ki, şagirdlərə geyim məsələsində bir qədər sərbəstlik verilməlidir. Basqı olmamalıdır, bəzən, valideynlər qızına şalvar geyinməyə icazə vermir, yaxud,  nisbətən qısa ətəkli geyimləri qadağan edir. Belə yasaqlar da şagirdin psixologiyasına mənfi təsir göstərir. Bu baxımdan geyimlərin hazırlanmasında həm məktəbin tələbləri, həm də şagirdin özünü rahat hiss etməsi nəzərə alınmalıdır. 

Şahnun Qasımova