Dövlət Agentliyinin nümayəndə heyəti Qazaxıstanda səfərdə olub - FOTO
    • 18-04-2022, 16:57
    • 241

Dövlət Agentliyinin nümayəndə heyəti Qazaxıstanda səfərdə olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti “Rəqəmsallaşma üzrə ehtiyacların qiymətləndirilməsi sorğusunun nəticələrinin qiymətləndirilməsi” mövzusunda regional konfransda iştirak edib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a bildiriblər ki, konfrans Astana Dövlət Xidməti Mərkəzinin (ACSH), BMT-nin İnkişaf Proqramının (UNDP), Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin (MOIS), Milli İnformasiya Cəmiyyəti Agentliyinin (NIA) və “Zerde” Milli İnfokommunikasiya Holdinqi ASC-nin təşkilatçılığı ilə keçirilib. Konfrans iştirakçı ölkələrin dövlət idarəetməsində innovativ təcrübələrin tətbiqi və dövlət xidmətlərinin göstərilməsində rəqəmsallaşmanın sürətləndirilməsi, habelə dövlət qulluqçularının və təcrübəçilərin potensialını artırmaq məqsədilə 2021-ci ildə başlayan “İdarəetmədə innovasiya və dövlət xidmətlərinin rəqəmsallaşdırılması üzrə bacarıqların inkişafı” layihəsi çərçivəsində həyata keçirilib.

Layihə üzrə ehtiyacların qiymətləndirilməsinə dair onlayn sorğu Dövlət Agentliyi tərəfindən cavablandırılıb və ACSH-yə təqdim olunub.

Konfransda Azərbaycanla yanaşı, digər iştirakçı ölkələr tərəfindən təqdim edilən ehtiyacların qiymətləndirilməsi sorğusunun nəticələri müzakirə edilib.

Bununla yanaşı konfransda 2022-ci il üçün planlaşdırılan fəaliyyətlərin həcmi və məzmunu, müvafiq olaraq metodiki vəsaitin və bilik məhsulları üzrə mövzuların təsdiq olunması ətrafında geniş fikir mübadiləsi aparılıb.