DİM sədrindən SƏRT SÖZLƏR:
    • 16-08-2022, 11:21
    • 719

DİM sədrindən SƏRT SÖZLƏR: "Onlar heç bir əsas olmadan özləri özlərini EKSPERT ADLANDIRIRLAR"

"Son vaxtlar sosial şəbəkələri monitorinq etdikdə müəyyən qrupların, ayrı-ayrı şəxslərin özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini elan edən reklamlarını görürük. Sanki mövsüm gələndə hamı mütəxəssisə çevrilir".

News24.az-ın məlumatına görə, bunu ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ixtisas seçimini başqalarına həvalə etmək düzgün deyil: "Onlar heç bir əsası olmadan özləri özlərini ekspert adlandırır və kimlərisə öz yanına pul müqabilində xidmət göstərməyə dəvət edirlər. Belə insanlara etibar etmək olarmı? Hətta burda qəbul ola bilməyənlərlə bağlı şirin vədlər verirlər ki, gəlin attestatla sizi xaricdə təhsil almağa göndərək. Heç bir nüfuzu, reytinqi olmayan universitetlər də onları qəbul edir. Sonda necə olur? Məgər o diplomların hamısı bizim ölkədə tanınırmı? Həmin universitetlərin məzunları lazımi mütəxəssis ola bilirlərmi? Bu sualları hamı özünə verməlidir. 

Ola bilsin siz bu il zəif hazırlaşmısınız və istədiyiniz yerə qəbul ola bilməmisiniz. Bu son deyil axı. Siz yenə də hazırlaşıb, ali məktəbə qəbul ola bilərsiniz. Bu mərhələdə də biz sizə dəstək verməyə hazırıq.

DİM-in e-psixoloq.az portalı var. Orada siz həm psixoloji dəstək ala bilərsiniz, həm də təhsil karyeranız, istək və bacarıqlarınıza uyğun peşələrin müəyyən edilməsi üçün psixoloji testlərdən keçə bilərsiniz. Bu imkanlardan yararlanmaq lazımdır".

DİM sədri əlavə edib ki, ixtisas seçimi ailə çərçivəsində müzakirə olunmalıdır: "Valideynlə ödənişli və ya dövlət sifarişli yerləri yazmaqda məsləhətləşmək lazımdır. Və ya hansı regionda yerləşən universiteti yazmağı seçəndə orada oxumaq, qalmaq imkanları sizə ən yaxın insanlarla müzakirə olunmalıdır. 

Ona görə də hər kəs öz strategiyasını müəyyən etməlidir. Burada iki növ strategiya ola bilər. Birinci halda abituriyentlər yalnız konkret ixtisası seçirlər. Bu il alınmasa, gələn il də cəhd etmək olar. Əsas odur ki, siz məqsədinizdən dönməyəsiniz. Müsabiqə vəziyyətinin reallıqlarını da nəzərə alıb qərar vermək lazımdır. İkinci halda isə abituriyentlərin hansı ixtisasda və ya ali məktəbdə oxumasının heç bir fərqi olmadığını görürük. Onların məqsədi yalnız ali məktəbə qəbul olmaq olur".