Şəhid xanımları "Günəşə salam" layihəsində- VİDEO
    • 1-09-2022, 12:53
    • 878

Şəhid xanımları "Günəşə salam" layihəsində- VİDEO

İnsan təbiətlə harmoniyada daha güclü, daha tamdır. Bəzən həyat bizi sınayanda, əhvalımız olmayanda yaşıl bir ağac da, sərin bir bulaq da ruhumuza məlhəm kimi gəlir. Bəzənsə eləcə saatlarla üfüqə baxmaq, ənginlikləri seyr etmək, doğan Günəşi salamlamaq istəyirsən. Beləcə, gözəl bir motivasiya alır, sanki yenidən doğulurmuş kimi həyata bağlanırsan. İnsan halının məhz bu yönlərini gözəl bilən Müasir Psixologiya Mərkəzi bu günlərdə motivasiyaya, dəstəyə, diqqətə ehtiyacı olan şəhid xanımları üçün olduqca təqdirəlayiq bir tədbir keçirdi. Özü də harada? Xəzər sahilində ... Məqsədi ali olan bu tədbirin adı da maraqlı idi: "Günəşə salam" ...

Dan yeri söküləndə Günəşi salamlayanlar arasında 30-dan çox şəhid xanımı, mərkəzin nümayəndələri, "Xarıbülbül Fidanları" qrupu, təşkilatçılar  və ictimaiyyət nümayəndələri vardı. Bu qədər insan sanki bir can, bir ruh idi. Onların ana təbiətdən, Günəşdən aldıqları enerji isə sözlə ifadə ediləsi deyildi. Əhval-ruhiyyəyə söz ola bilməzdi. Səhər tezdən həyata keçirilən meditasiya sanki hər kəsə yeni bir enerji axını bəxş etdi. Bu özünü gün ərzində də göstərdi. Layihə iştirakçıları müxtəlif komanda oyunlarında yarışdılar, psixoloji söhbətlərdə iştirak etdilər.

Millət vəkili Jalə xanım  Əliyeva isə tədbir iştirakçılarına ürək sözlərini çatdırdı, layihənin əhəmiyyətini vurğuladı . Gözlərdə bir sevinc, üzlərdə bir rahatlıq vardı o gün... Layihə iştirakçıları onlara xoş bir gün, gözəl motivasiya bəxş etdikləri üçün səbəbkarlara - Müasir Psixologiya Mərkəzi və Xarıbülbül Fidanları qrupuna ağızdolusu təşəkkürlərini bildirdilər. Xüsusən də hamını səmimiliyi və mehribanlığı ilə heyran edən, onlarla birgə Günəşi salamlayan Jalə xanım Əliyevaya təşəkkür etdilər. Yeri gəlmişkən qeyd edək ki, "Günəşə salam" layihəsinin sponsoru hər bir ailənin dostu olan Araz supermarketlər şəbəkəsi idi. Necə deyərlər, biz harda Araz da orda ...