Azərbaycanlı "De Castro" kimdir? - Hamı ondan danışır - FOTO/VİDEO
    • 14-10-2022, 13:46
    • 341

Azərbaycanlı "De Castro" kimdir? - Hamı ondan danışır - FOTO/VİDEO

Sizcə, bir insanın neçə bacarığı ola bilər?... Bəziləri çeynənmiş tikəni də uda bilmirlər, bəzilərinin isə 10 barmağının onu da istedaddır.

Məsələn, bir müddət öncə sosial şəbəkələrdən birində qarşıma azərbaycanlı gəncin videosu çıxdı...

Gitara səsini sevdiyim üçün onun ifası diqqətimi cəlb etdi. Məlum oldu ki, haqqında danışacağım bu gəncin həm musiqi, həm müasir texnologiyalar, hətta yazıçılıq və aktyorluq sahəsində istedadı var. O, əlini atdığı hər bir işdə uğur qazanacaq potensiala malikdir.

"De Castro" ləqəbiylə tanınan 28 yaşlı Pərviz Allahverdiyevin ifasını onun "İnstagram" və "YouTube" səhifələrindən dinləyə bilərsiniz.

Daha öncə Pərviz sevilən aparıcı Vüsalə Əlizadənin "7 Canlı" verilişində müğənni Əkbər Əliyevlə birlikdə ifa edib. Onun paylaşımlarını Faiq Ağayev, Roza Zərgərli, Rasim Müzəffərli kimi bir sıra məşhurlar bəyənərək izləyir.


Azərbaycanlı "De Castro" kimdir? - Hamı ondan danışır - FOTO-VİDEO

News24.az Big.az-a istinadən gənc, kreativ, istedadlı gitaristlə müsahibəni təqdim edir:

Azərbaycanlı "De Castro" kimdir? - Hamı ondan danışır - FOTO-VİDEO

- Niyə məhz "De Castro"? Mənası nədir? Bir xatirəsi varmı?

- Niyə "De Castro"? Çünki sıradan "Pərviz" yazsaydım, heç kim bu sualı verməyəcəkdi (gülür). Bəli, xatirəsi də var. Gitara ifasına təzə-təzə başlamışdım. Dostlarla bir qrup qurmaq istəyirdik və hərə özünə bir ləqəb seçməli idi. Mənim də o vaxtdan "Castro" adına qarşı simpatiyam olduğu üçün "De Castro"nu özümə səhnə adı kimi seçdim.

- Gitaraya həvəs nə zamandan yaranıb? Bu sənəti seçmək valideynlərin istəyi olub, yoxsa..? İlk ifa etdiyin musiqi hansı olub?

- Gitaranı 15-16 yaşımdan sevirdim. Amma o vaxt düşünmürdüm ki, bir gün alıb öyrənərəm. Valideyinlərim əslində pianist olmağımı istəyirdilər. Hətta atam mənə 14 yaşımda mini-sintezator almışdı. Lakin mən gitara ifasına başladım. Bu, bir növ prinsip olub (gülür). Əsgər getməyimə günlər qalmış qardaşım gitara aldı və kursa başladı. Mən gələndə 3-4 mahnı öyrənib mənə acıq verdi. Mən də yaxşı mənada paxıllıq edib, "qardaşım ifa eləyə bilir, mən qardaşından daha yaxşı ifa edərəm" deyib, başladım öyrənməyə (gülür).

Azərbaycanlı "De Castro" kimdir? - Hamı ondan danışır - FOTO-VİDEO

- Digər musiqi alətlərindən hansındasa ifa edə bilirsən? Ümumiyyətlə, musiqi alətlərindən hansı üzrə təhsilin var? Özünün bəstələdiyin musiqi varmı?

- Qeyd etdiyim kimi, ilk öncə musiqiyə həvəsim mini-sintezatorla, sonra bir az piano. Hazırda hətta qarmon və nağara kimi musiqi alətlərində ifa eləməyi bacarıram. Musiqi təhsilim yoxdur. Sadəcə ətrafımda hərədən bir az görüb-götürərək öyrənmişəm.

Əsasən mən mahnıları "cover" edib, öz tərzimi qataraq ifa edirəm. Bir neçə bəstəm var, amma hələ tam hazır deyil. Bu ayın sonuna birini əsrəyə gətirib, izləyicilərimə təqdim etməyi planlaşdırmışam.

Azərbaycanlı "De Castro" kimdir? - Hamı ondan danışır - FOTO-VİDEO

- Tələbələrin olubmu?

- Əslində gitar ifa etməyə başladıqdan bir neçə müddət sonra çox dərs almaq istəyənlər oldu, hətta bir neçə kurslara müəllim kimi dəvət almışam, lakin gündəlik işimlə bağlı vaxt azlığından təklifləri qəbul edə bilməmişəm. Amma onu qeyd edim ki, indiyədək bir tələbəm olub. O da dostumun oğlu idi. Həmin uşağa üç ay müddətində bildiklərimi öyrətməyə çalışmışam. Balaca tələbəm o qədər istedadlı, məsuliyyətli idi ki, öyrətdiklərimi tez mənimsədi. Hətta məktəblərində siniflər arası musiqi yarışmasında birinci yer tuta bildi. Səhnəyə mənimlə birgə çıxdı və çox həyəcanlı idi. Ona "Sadəcə gözlərini bağla və sanki evdə tək məşq edirmişsən kimi davran" dedim. İfanın sonunadək gözlərimiz bağlı oldu. Bir də alqış səsinə gözlərimizi açdıq.

Azərbaycanlı "De Castro" kimdir? - Hamı ondan danışır - FOTO-VİDEO

- Necə də gözəl! O uşaq üçün mən də sevindim. Yaxşı müəllimi olub. Amma bildiyim qədər, sən həm də gözəl videoqrafsan. Öz videolarını özün hazırlayırsan. Hazırladığın videolardan "partladan" biri olubmu?

- Gitarada ifa etməyi 19-20 yaşımda öyrənsəm də, foto və video çəkməyə 12-13 yaşlarımda başlamışam. İlk şəkilləri "Nokia 6230" modeli ilə çəkmişdim. Onu da atamdan icazə alıb çəkirdim. Sonra qardaşımla özümüz üçün qısa "vine"lar çəkməyə başladıq. Qohum-əqrəba bizə baxıb gülürdü. Zamanla keçdim fotoapparatlara. Hazırda da elə fotoqraf və videograf olaraq çalışıram. Ifa etdiyim "cover"ləri belə, özüm tək çəkirəm və montaj edirəm. Sosial şəbəkələrdə bir neçə dəfə çəkdiyim videolar qısa müddətdə sevilib, paylaşılıb, aralarında hətta trend olanlar da olub.

Azərbaycanlı "De Castro" kimdir? - Hamı ondan danışır - FOTO-VİDEO

- Çoxları bilməsə də, sənin yazıçılıq istedadının olduğundan da xəbərim var. Bu yöndə davam etməyi düşünürsənmi?

- Bəli, elə deyirlər (gülür). Kitab yazmaq fikrim yoxdur. Bir neçə hekayə yazmışam. Əslində aktyorluq bacarığımın da olduğu üçün yazdığım bir hekayəyə qısametrajlı film çəkib, baş rolu özüm ifa etməyi istəyərdim. Hansısa film dəvəti də alsam, qəbul edərəm (gülür).

- Ən böyük arzun nədir? Hədəfinə çatmaq üçün hazırda nə edirsən? Bu yolda hansı maneələr var?

- Ən böyük arzum dünya çapında musiqiçi olmaqdır. Özümü dünyaya tanıtmaqdır. Amma pis musiqiçi olub çox tanınmaqdansa, az tanınmış, amma möhtəşəm musiqiçi olmaqdır arzum. Hədəfimə çatmaq üçün hər gün ən azı 1 saat məşq edirəm. Bu yolda bir az maddi və mənəvi cəhətdən dəstəyə ehtiyac var.

- Məşhur gitaristlərdən kimi özünə nümunə bilirsən? Ən sevdiyin mahnı hansıdır?

- Məhşur gitaristlərdən Azərbaycanda, təbii ki, Çingiz Mustafayev, Kamran Əlizadə, xaricilərdən Sleş (Slash), qruplardan isə "Gipsy Kings" favorilərimdəndir.

Ən sevdiyim mahnı Gökhan Kırdarın "Yerine sevemem" mahnısıdır.

- Bu fəaliyyətində sənə ən cox dəstək olan kimdir?

- Təzə-təzə başlayanda, demək olar, heç kim dəstək olmurdu. Hətta susdurmağa, fikrimdən daşındırmağa çalışırdılar. Amma hazırda ailəm, yaxın dostlarım və "İnstagram" izləyicilərim mənə ən böyük dəstəkdir.

Azərbaycanlı "De Castro" kimdir? - Hamı ondan danışır - FOTO-VİDEO

- Pərvizin həyatdan öyrəndiyi ən vacib, əhəmiyyətli dərs nə olub?

- Sosial şəbəkələrdə bir video izləmişdim. Türkcə adı "Başarı için 10.000 saat kuralı" idi. Videoda belə bir fikir irəli sürülür ki, seçdiyin sənətdən asılı olmayaraq, hər gün azı 1-2 saat çalışsan, 10.000-ci saatda çox gözəl sənətkar olacaqsan. Bu prinsip mənə çox gözəl dərs oldu. Əgər bir işə başlayırsansa, başlanğıcda sənə çox az insan dəstək olacaq (bəlkə də, heç olmayacaq), ona görə də uğur qazanana kimi bütün tənqidlərə qulaqlarını bağlamalısan. Çünki başlanğıcda səni tənqid edənlər bir gün ayaq üstə alqışlayacaqlar.

Azərbaycanlı "De Castro" kimdir? - Hamı ondan danışır - FOTO-VİDEO

- Gitaraya həvəsi olan insanlara məsləhətin nədir?

- Çox adam düşünür ki, gitara ifa etməyə başlamaq üçün ona ən yaxşı gitara, ən yaxşı kurs lazımdır və buna imkanı çatmadığı üçün geri çəkilir. Bu, yanlış yanaşmadır. Mən qardaşımın aldığı 40 manatlıq gitara ilə bu sənətə başlamışam. Yəni 40 manatlıq, yaxud 400 manatlıq gitara ilə başlamağının fərqi yoxdur. Əsas oldur ki, bu gün başlayasan, sabaha saxlamayasan. Bu gün başlasan, sabaha ən azından bir ritm, bir not, bəlkə də, bir mahnı ifa eləməyi öyrənərsən.