"Qırmızı sərçə" və maraqlı faktlar - FOTO - VİDEO
    • 9-01-2019, 11:42
    • 3 947

"Qırmızı sərçə" və maraqlı faktlar - FOTO - VİDEO

Zədə aldığı üçün balerina karyerasına son verməli olan Dominika Yeqorova və onun anası qaranlıq və qeyri-müəyyən gələcəklə üz-üzə qalırlar. Qəhrəmanımız xüsusi xidmət orqanlarının “Sərçələr məktəbi”ndə əsgər olmağa razılıq verir. Burada isə gənclərə öz bədən və ağıllarından ən unikal silah kimi istifadə etməyi öyrədirlər. Uzun və əzablı təlimlərdən sonra Dominika xüsusi xidmət orqanlarının tarixində ən təhlükəli “Sərçə”yə çevrilir. İndi keçmiş balerina, özündə əvvəl olduğu insanı və sonra əldə etdiyi gücü, ona əziz olan insanların həyatını nəzərə almaqla, bir araya gətirməyi bacarmalıdır.

News24.Az "Kinoxana" rubrikasında bu dəfə “Qırmızı sərçə” filmi haqqında bilmədiyiniz faktları təqdim edir.

1. Film 2013-cü ildə işıq üzü görən və təqaüddə olan Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş işçisi Ceyson Metyunun eyniadlı romanı əsasında çəkilib. Hələ roman tamamlanmadan öncə roman əsasında film çəkilməsi üçün Metyu hüquqlarını 7 rəqəmli məbləğə satmışdı. Bu roman trilogiyanın ilk kitabıdır, qalan kitablar isə “Xəyanət Sarayı” (Palace of Treason) və "Kremlin Namizədi" (The Kremlin's Candidate) adlanırdı.

2. Cenifer Lourens bu rol üçün hazırlaşdığı zaman 4 ay ərzində baletlə məşqul olmuş və rus dilində aksentlə danışmaq üçün hazırlaşmışdı. O, gündə 3 saat Holivud balet təlimçisi Kurt Fromanla məşq edirdi.

3. Amerikalı balerina İzabella Boliston filmdə Cenifer Lourensin dublyoru olmuşdu.

4. Cenifer Lourensin real həyatdakı ən yaxın dostu Laura Simson filmdə epizodik rolda oynayıb. O, filmdə Dominika ilə Moskvada yerləşən hotelin barında bir masanın arxasında əyləşib.

5. Filmdə rus obrazlarını amerikalı, britaniyalı, belçikalı, danimarkalı, almaniyalı, ukraynalı və polşalı aktyorlar canlandırıb. Əsas qəhrəmanlardan olan amerikan Neyt Neş obazını isə avstraliyalı aktyor Coel Edqerton oynayıb.  

6. 2013-cü ildə layihə elan ediləndə onun üçün rejissor olaraq Daren Aronovski ilə danışıqlar gedirdi. 2014-cü ildə Aronovski siyahıdan çıxdı və eyni ildə rejissor kimi Devid Finçer, baş rola isə Runi Mara ilə danışıqlara start verildi. 2015-ci ilin iyulunda elan edildi ki, filmin rejissorluğu üçün Frensis Lourenslə danışıqlar gedir. 2015-ci ilin sentyabr ayında isə filmdə baş rolda Cenifer Lourens, rejissorun isə Frensis Lourensin olduğu açıqlandı.

7. Romançı Ceyson Metyu bəlkə də MKİ-də (Mərkəzi Kəşfiyyat İdarəsi) çalışdığı zaman həqiqi Dominika ilə qarşılaşmayıb. Amma “aldatmağı” öyrədən məktəb həqiqətən Sovet kəşfiyyatçılarının təlimlərinə daxil idi. Metyu “Sovetlər Birliyində gənc qadınlara, kəşfiyyat xarakterli şantaj üçün, kişiləri ələ keçirmə və yoldan çıxarma sənətini öyrədən məktəb var idi” - deyə, açıqlama vermişdi. Onun açıqlamasına görə Volqa çayının sahilində yerləşən Kazan şəhərində gizli təşkilatların birində gənc qadınlar yüksək təbəqəli insanlarla intim münasibətdə olmaq üçün xüsusi olaraq yetişdirilirdilər. Onları “Sərçə” adlandırırdılar.

8. Filmin rus dilli dublyajında baş qəhrəmanın “Dominika” adı “Veronika” adı ilə dəyişdirilib, belə ki, rus dilli ölkələrdə “Dominika” adına demək olar ki, rast gəlinmir.

9. Tənqidçi və tamaşaçılar belçikalı aktyor Matias Şonartsın Rusiya prezidenti Vladimir Putinə çox bənzədiyini qeyd etmişdilər. Lakin rejissor Frensis Lourensin sözlərinə görə, Şonarts Putinə bənzədiyinə görə və qəsdən bu rola seçilməmişdi, hətta rejissor bildirmişdi ki, o özü bu oxşarlığın fərqinə çəkiliş zamanı varmışdı.

10. Soyadları eyni olsa da Cenifer Lourens və rejissor Frensis Lourens qohum deyillər.

11. “Qırmızı sərçə” filmində filmin adından başqa açılış titrlərı yoxdur. 

Hazırladı: Səməd Ağayev