Zamiq Hüseynov: "Pendir-çörək yeyə-yeyə bu səviyyəyə gəlmişəm" – MÜSAHİBƏ
    • 28-10-2022, 11:49
    • 455

Zamiq Hüseynov: "Pendir-çörək yeyə-yeyə bu səviyyəyə gəlmişəm" – MÜSAHİBƏ

Müğənni Zamiq Hüseynovun Bizim.Media-ya özəl müsahibəsini təqdim edirik.

⁃ Son günlər bəzi həmkarlarınız 5-10 il müddətində sənətdən gedəcəkləri ilə bağlı açıqlamalar verirlər. Zamiq necə, sənətdən getməyi düşünür?

⁃ Mən də bu haqda düşünürəm və yaxın gələcəkdə bu sənətdən uzaqlaşacağam. İldə bir-iki dəfə dinləyicilərimə mahnılar, kliplər təqdim edəcəyəm. Artıq çox yorulmuşam. Tədbirlərdə, el şənliklərində musiqi məni yorur. Əsəb də məni sıxır. Efirdə çox görünəndə özümdən xoşum gəlmir.

Sosial şəbəkələrdə haqqımda çox sayda xəbərlər görəndə bu məni əsəbiləşdirir. Baxıram, öz-özümə deyirəm ki, burada mən olmalı deyiləm, uzaqlaşmalıyam.

Bunlardan çox qıcıqlanıram. Getdiyim tədbirlərin hamısını da sevmirəm. Çünki getdiyin tədbirin necə olacağını əvvəlcədən bilmək olmur. Hətta bunu musiqiçilərimə də deyirəm. 5 ay əvvəl tədbir götürmüşəm. Baxıb, görürsən ki, insanların zövqü sənin ürəyin istəyən kimi deyil. Amma çalışırsan ki, onları doğru istiqamətə yönləndirəsən. 

Hər zaman deyirəm ki, el şənliklərində heç zaman heç kim məni yönləndirməsin. Əgər səhnəni mənə həvalə ediblərsə, mən yönləndirməliyəm, kimsə məni yox. Çalışdığım qədəri də elə edirəm. Çox adam mənə inanıb. Onların da inamını bu yöndə doğrultmuşam. 

Məsələn gedirsən toya. Saat 19:00-da başlayır, 00:00-da bitir. Sən o toyu həm aparıcı kimi aparırsan, həm də oxuyursan. Oxumağımdan artıq bezmişəm.

Baçelli ən sevdiyim müğənnidir. Amma buna baxmayaraq, 5 saat oturub onu da dinləsəm, bezərəm. Yəni, bir insan toyda beş saat ifası ilə qonaqları bezdirər. Zamiq olmasın, lap istəyir Baçelli olsun. Nə qədər olar ancaq ona qulaq asmaq?

Heç olmasa, arada toyda rəqs qrupunu görək, onlar rəqs etsinlər və ya qrup görək, onlar gözəl ifa nümayiş etsinlər. Bunlara görə hiss edirəm ki, sənətdən tez gedəcəyəm. 

⁃ Bəs Zamiq sənətdən getsə, nə işlə məşğul olacaq?

⁃ Yəqin ki, dizaynerliklə məşğul olacağam. İllər əvvəl "ZH" butikim vardı. Daha sonra bağlandı. Amma bərpa edə bilərəm. Yalnız bu işlərlə məşğul ola bilərəm. Çünki bu işləri çox sevirəm. Özümə yeni geyim alanda dünyanın ən xoşbəxti oluram. Özümə geyim seçəndə və ya evə yeni əşyalar alanda görürəm ki, bu mənu həqiqətən də xoşbəxt edir.

⁃ Şopoqoliksiniz? (Şopoqolizm - qeyri-şüuri surətdə mağazadan əşya almaq xəstəliyidir) 

⁃ Bəli, yeni geyimlər almağı həddən artıq çox sevirəm və bundan çox həzz alıram. Geyimlərim həddən artıq çoxdur.

⁃ Bəs o qədər geyimi nə edirsiz?

⁃ Geyinmədiklərimi qohumlarıma, dostlarıma, tanışlarıma hədiyyə edirəm.

⁃ Türkiyədə bir çox ulduzlar öz geyimlərini satışa çıxarırlar. Bu tendensiya yerli məşhurlar arasında da var. Geyimlərinizi satmağı düşünməmisiniz?

⁃ Qohumlarımın arasında o qədər insanlar var ki, onların geyimlərə ehtiyacı var. Məsələn elə insan var ki, o təkər yamayır. Bilirəm ki, kimsəsizdir və geyimə ehtiyacı var. Onunla görüşəndə hər dəfə ona hansısa geyimimi aparıb verirəm. 

⁃ Sizi cəmiyyətdə "yağ-bal içində yaşayan" müğənni kimi tanıyırlar. Bu, həqiqətən belədir?

⁃ Bu düz fikir deyil. Əgər bir insan ucalırsa, bilin ki, o elə belə ucalmır. O qəlbinin təmizliyinə, kimsəsizə, yoxsula əl tutur, köməklik edir ki, ucalır. Heç kim boşu-boşuna Röya Ayxan, Zülfiyyə Xanbabayeva olmur. Onlardan da istedadlı insanlar var. Onların qəlbində mərhəməti tapın. Onlar nə ediblər ki, ömür boyu belə qalıblar. Bilin ki, onlar nələrsə edirlər. Çünki özüm bunun şahidiyəm. Onlar hamıya əl tutub, qazandıqlarını bölüşürlər. Qazandıqlarını tək yesə, o zirvədə indiyə kimi qalmaz.

⁃ 17 ay pandemiya dövründə işsiz qaldınız. Bu müddət ərzində Zamiq necə dolandı? Daha əvvəl işləyib yığdıqlarınızı yediniz? 

⁃ Yığdıqlarımızı yedik, hətta sıfıra qədər gəlib çıxdıq. Kənardan baxanda Zamiq tək deyil. Zamiq böyük bir külfət, ailə sahibidir. İstər qardaşım uşaqları, istər bacım, atam, anam, əmim uşaqları

- hamıya diqqət ayırıram. Onun uşağı əziyyət çəkməsin, digərinin övladı yaxşı təhsil alsın. Ən zəif nöqtəm ilk növbədə uşaqların təhsilidir.

Bəzən qoymuram ki, yaxınımın uşağı gedib işləsin. İstəyirəm ki, gedib oxusun, təhsil alsın. Repetitor yanına gedirlər. Çalışıram onların pullarını ödəyim. İstəmirəm ki, yaxınımın övladı təhsilsiz olsun. Hamını ağıllı, savadlı görmək istəyirəm. Bunları edə-edə də gəlib sıfıra düşmüşdüm. Amma ümüdüm kəsilməmişdi və narazı da deyildim. O zaman bildim ki, ətrafımda çox az insan var.

Mənə zəng vurub deyəndə ki, filankəsdir, toya çağırırıq. Dedim ki, ay filankas bəs niyə zəng vurub demədin ki, 17 ay işsiz oturmusan, bəlkə nəyəsə ehtiyacın var. Siz axı o zaman da işləyirdiniz. Nə oldu, hər şey yaxşı olanda filankəs olur. Mənim üçün pis olanda da filankəs olsun da. Bundan sonra bu filankəslərdən uzaqlaşdım. Belə insanları yanımda görmək belə istəmirəm.

⁃ Bəzi həmkarlarınız pandemiyada aldıqları qızıllardan tutmuş evləri, avtomobillərinə kimi satdıqlarını etiraf etdilər. Zamiq nəyinisə satdı?

⁃ O dərəcəyə gəlib çıxmadı. Amma olsaydı, onu da edəcəkdim. Neynəyim, nə edə bilərəm ki?! Həyatdır da... Pandemiya bizə görsətdi ki, bu həyatda hər şey olur. O vəziyyət pendir-çörəyə kimi gəlib çıxsaydı da, mən onda da yaşayacaqdım. Çünki ona mən artıq çoxdan öyrəşmişəm. Pendir-çörək yeyə-yeyə bu səviyyəyə gəlmişəm.

⁃ Bir neçə gün əvvəl oğlunuz Zeyn ilə çəkilmiş fotonuzu sosial şəbəkə hesabınızda paylaşıb "Həyatımı dəyişən insan" şərhini yazmışdınız. Zeyn həyatınızda nələri dəyişdirdi?

⁃ Həyatda daha çox mübarizə aparmağımı, həyata olan sevgimi, gələcək haqqında fikirləşmək kimi məqamları dəyişdirdi. Məsələn, əvvəl özün haqda düşünürdünsə, Zeyn dünyaya gələndən sonra artıq o və ailəm haqda daha çox düşünürəm. Əvvəllər gələcək 5 ili fikirləşirdinsə, indi isə 30 il qabağı fikirləşirsən. 

Demirəm ki, oğluma mal-mülk alım, xeyr! Ən zəif nöqtəm təhsildir. Övladına ev alıb qoymağın, gələcəyini xoşbəxt etmək deyil. O aldığın evin pulunu onun təhsilinə xərclə ki, özü gələcəkdə o evi öz ağlı ilə alsın. Nəinki gələcəkdə savadsızlığı ucbatından o evi satıb, pullarını ora-bura xərcləsin. Oğlum məni yaxşı mənada dəyişib.

⁃ Oğlunuz Zeyn sizə Zamiq əvəzinə "Naniq" deyirdi. İndi də sizi elə çağırır?

⁃ Elə indi də Naniq deyir. Arada görürsən Zamiq deyir. Amma heç zaman "papa" və ya ata demir. Zeyn anasına da nə ana, nə də ki, "mama" deyir. Ona sual verəndə ki, "Bu kimin atasıdır?" cavab verir ki, "Mənim" (gülür). 

⁃ Zeynin tərbiyəsi ilə anası, yoxsa siz məşğul olursunuz? 

⁃ Anası. Mən axı evdə çox olmuram. Boş zamanım olan kimi də çalışıram oğlumla keçirim. Zeyn bağçaya gedir. Onun tərbiyəsi ilə bağçada müəllimələri, evdə isə anası məşğul olur

⁃ Zamiq yenidən ata olmaq istəyir?

⁃ Təbii ki, yenə istəyərəm ata olum. Amma qız yox, oğlan övladımının olmasını daha çox istəyərəm. Qız uşaqlarını da sevirəm. Lakin yenidən oğul atası olmaq istəyərəm. Bəzən dostlarım deyir ki, qız övladı daha şirindir. Mən də onlara zarafatla cavab verirəm ki, siz qız övladlarını sevin, mənim isə oğlum olsun (gülür).

⁃ Şou-biznesdə Zamiqi gözü götürməyən çoxdur, yoxsa sevən?

⁃ Şou-biznesin 90 faizinin məni gözü götürmür. Çox məsələlər var, niyə gözləri məni götürmür? Zamiq bir çox gənclərə böyük bir qapı açıb. Bunu isə bir çox ifaçılar yaxşı bilir. Altından qırmızı xətt çəkərək deyirəm - Mən toy səhnəsini konsert səhnəsi etmişəm. Əvvəllər mənə qədər hamı toya toy kimi baxırdı. Toydur da, gəldilər "rakkada-çıkkada" oynayıb getdilər. Mən isə toya konsert sistemini gətirdim. 

Toyda iştirak edən qonaqlar konsertə baxırlar. Onlar musiqinin istənilən janrını dinləyə bilirlər.

Bizim gəlir yerimiz el şənlikləridir. Mən onu belə konsert proqramına çevirmişəm. Bu sözlərimi və müsahibəmi çox həmkarlarım oxuyub deyəcəklər ki, Zamiq düz deyir. Amma dildə isə inkar edəcəklər. Lakin ürəklərində bilirlər ki, mən bunu düz deyirəm. Çünki bu gün hamı baxır bizim etdiyimiz sistemə və bunu bilir. Zamiq toy səhnəsində nə yeniliklər edirsə, dərhal o yeniliyi götürüb öz səhnələrində edirlər. 

⁃ Çörək verdikləriniz üzünüzə ağ olub?

⁃ Həmkarlarımdan bir-iki nəfər var. Amma onların sayı çox deyil, azdır. Onlarla üz-üzə gəlmək istəyirəm. Çalışdığım qədər o insanlardan uzaq gəzirəm. Unuduram elə insanları.

⁃ Bir neçə gün əvvəl şairə Nazilə Səfərli redaksiyamıza açıqlamasında "Əvvəllər az işləyib, çox qazanırdıq, pandemiyadan sonra çox işləyib, az qazanırıq" söylədi. Sizdə vəziyyət necədir? 

⁃ Məndən nə vaxt toylardan qazancımın yaxşı olub-olmadığını soruşanda, deyirəm ki, yaxşıdır. Mənim üçün əladır. Heç zaman qazancımla bağlı narazılıq etməmişəm. Heç bilmirəm ki, keçən il qazancım necə olub? Qazancımın miqdarının çox və ya az olmasının hesabını aparmıram. Bu il belədir, belə də yaşayıram. Gələn il necə olacaq, o il üçün də elə yaşayacağam. Həyatımı düzgün quran insanam. İstər şəxsi həyatımda da, istərsə də sənətimdə. Allahımdan tək istəyim, ağlımı əlimdən almasın. 

⁃ Toylardan söz düşmüşkən. Deyirlər ki, Zamiq toylara 15 min manata gedir. Düz söhbətdir?

⁃ Xeyr, daha aşağı qiymətə gedirəm. Bizdən toya baha gedənlərdən daha keyfiyyətli məclis aparırıq. 

⁃ Sənət yoldaşlarınız arasında ən çox konsert verənlərdən birisiniz. Zamiq konsertlərindən pul qazana bilir? 

⁃ Heç zaman olmayıb ki, konsertdən pul qazanım. Çünki konsertimin səhnəsinə çox böyük xərclər qoyuram. Hətta cibimdən pullar xərcləyirəm. Çox da olub, az da olub. Fərqli-fərqli məbləğlər xərcləmişəm. 

⁃ Özünüzdə nəyi bəyənmirsiniz? 

⁃ Efirlərdə çox olmağı sevmirəm. Özümü çox görəndə bəyənmirəm. Xarici görünüşümdə də bir çox şeyləri bəyənmirəm. Məsələn, sağ profilimi qətiyyən bəyənmirəm. Çalışıram ki, operatorlar və fotoqraflar məni sağ profildən çəkməsinlər. Xasiyyətimdə bəyənmədiyim tez küsəyən olmağımdır. Xətrimə kimsə dəysə, küsürəm. Hardasa xətrimə dəydilərsə, öldür məni bir də ora getmərəm. Mənim bir dənə xətrimə dəymə. Xüsusi ilə sevdiyim insanlar xətrimə dəyəndə, ümümiyyətlə küsürəm. Ona görə çalışın, məni küsdürməyin.

⁃ Sizə deyiblər ki, burun əməliyyatı "rinoplastika" etdir?

⁃ Çox deyiblər. Özüm də hərdən bu barədə düşünürəm. Burnumda donqarlıq var. İstəmişəm onu götürüm. Hətta burnumun içində polip vardı. Onu götürəndə söylədilər ki, burnunu da əməliyyat etdir. Söylədim ki, yox, lazım deyil. Allah belə məsləhət görüb, qoy qalsın. Hələ ki burnumu əməliyyat etdirmək istəmirəm. 

⁃ Estetik və plastik əməliyyat keçirən həmcinslərinizə münasibətiniz necədir? 

⁃ Çox pis. Yaxşı baxmıram. Qadınlarda da sevmirəm əməliyyat gözəgirən dərəcədə olanda. Az miqdarda dəyişim olarsa, buna normal baxıram. İfrata varanda, kənardan süni və xoş olmayan görüntü yaranır.