Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş forum keçirildi
    • 23-11-2022, 11:30
    • 141

Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş forum keçirildi

Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş “Üfüqdə Yeni Fürsətlər:Qadın Sahibkarlara Yaşıl İşıq”adlı V Forum keçirilib
Noyabrın 23-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş “Üfüqdə Yeni Fürsətlər:Qadın Sahibkarlara Yaşıl İşıq”adlı V Forum keçirilib.

News24.az xəbər verir ki, tədbiri açan Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini və İdarə Heyətinin üzvü Əli Əhmədov bildirib ki, konfransın təşkilində əsas məqsəd qadın sahibkarlığının inkişafına dəstək olmaq, onlar üçün yeni imkanlar yaratmaqdan ibarətdir.

Məlumat verilib ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü ilə təsis olunub. Assosiasiyanın əsas məqsədi kiçik və orta sahibkarlıqla məşğul olan sahibkar qadınları bir araya gətirmək, onların inkişafına, yerli və dünya arenasına çıxmalarına dəstək verməkdir. Eləcə də məqsəd assosiasiyanın təşəbbüsü ilə yerli və beynəlxalq tədbirlərdə, forumlarda, konfranslarda, təlimlərdə sahibkar qadınların iştirakını təşkil etməkdir. Qısa müddət ərzində assosiasiya böyük nailiyyətlər əldə edib, daxili və xarici əlaqələrini genişləndirib və hazırda sahibkar qadınlarla birgə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir.
Əli Əhmədov vurğulayıb ki, bu gün Azərbaycanda sahibkarlığa çox böyük dəstək var. Ölkəmiz bu sahədə bir çox beynəlxalq konvensiyaya qoşulub. Bu konvensiyalarda ölkəmiz üçün vacib məsələlər, xüsusilə gender problemi də yer alır. Əvvəllər Azərbaycanda qadın sahibkarlar 4 faiz təşkil edirdisə, indi bu rəqəm 33 faizə çatıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva öz çıxışında bildirib ki, Azərbaycan hökuməti qadınların kiçik və orta sahibkarlıqla məşğulolma səviyyəsini artırmaq üçün proqramlar həyata keçirir.Özünüməşğulluğun inkişaf etdirilməsində hökumətin müəyyənləşdirdiyi proqramlarda iştirak etməklə qadınlarımız kiçik istehsal və xidmət üçün müəyyən vərdiş və biliklər əldə edəcəklər. Azərbaycan qadınlarının məşğulluq səviyyəsi bir sıra sahələrdə, xüsusilə də təhsil və səhiyyə sahəsində yüksəkdir. Hətta iki sahədə qadınlar iştirakçılıq səviyyəsinə görə kişilərdən üstündürlər. Bütün sahələrdə qadın və kişilərin bərabər təmsil olunmaları vacib amildir. Biz bunu da təşviq edirik. Bu mənada, qadınların sahibkarlıq sahəsində iştirakçılığının artması önəmli vəzifələrdən biridir. Qadın fəallığı ictimai tərəqqinin ən vacib göstəricilərindəndir. Harada qadın fəallığı varsa, orada ictimai tərəqqi var. Azərbaycan qadını bütün sahələrdə ictimai fəallığını nümayiş etdirir, ictimai rəydə iştirak edir.

Diqqətə çatdırılıb ki, azad bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq, sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına qayğı göstərilməsi Azərbaycan dövlətinin diqqət yetirdiyi məsələlərdən biridir. Bu işdə Azərbaycan Qadın Sahibkarlığı Assosiasiyası müəyyən nailiyyətlər əldə edə bilib. Hədəfimiz ondan ibarətdir ki, qadınlarımız kiçik və orta sahibkarlıqla daha cəsarətlə, daha qətiyyətlə məşğul olsunlar, daha çox sayda qadın sahibkarlıq sferasına cəlb olunsun.

Daha Sonra çıxış edən USAID Özəl Sektorun İnkişafı layihəsinin (PSA) rəhbəri Matt Weber konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, belə tədbirlərin keçirilməsi qadınların sahibkarlıq fəaliyyətinin artırılmasında, onların hüquqlarının qorunması və layiqli əməyin təmin olunmasında, həmçinin perspektivlərin müəyyən edilməsində mühüm rol oynayır. Qadınlar arasında sahibkarlığı gücləndirmək üçün aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti, media və mütəxəssis icması da daxil olmaqla bütün iştirakçıların davamlı dəstəyinə ehtiyac var.

Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət respublikamızın dinamik inkişafına şərait yaradıb. Ölkədə qadınların əmək bazarında kişilərlə bərabər hüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Bu gün Azərbaycanda hər 100 təhsil alanın orta hesabla 47 faizini, işçi qüvvəsinin 49 faizini, məşğul əhalinin 48 faizini, elmi işçilərin isə 53 faizini qadınlar təşkil edir. Qadın sahibkarlığın inkişafı üzrə komissiyanın fəallığının real nəticəsi olaraq bu günədək 400-dək qadın iş adamı Azərbaycan da Qadın Sahibkarlığının inkişafı Assosiasiyasının ətrafında toplana bilib.

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitənin Sədri Hicran Hüseynova diqqətə çatdırıb ki, bugünkü tədbir Azərbaycan qadın hərəkatının inkişafında özünəməxsus rol oynayacaq. Azərbaycan qadınının uğurları kifayət qədərdir. Dövlətimizin iqtisadi inkişafında sahibkar qadınlarımızın rolu böyükdür. Sahibkarlığın, xüsusilə də qadın sahibkarlığının inkişafı ölkə rəhbərliyinin ən çox önəm verdiyi məsələlərdəndir. Bu gün Azərbaycan qadınlarının ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatda rolu getdikcə artır.

Sonra çıxış edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirinin müavini  İlhamə Qədimova deyib ki, ölkəmizdə kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün münbit şərait yaradılıb. Fəxr hissi ilə demək olar ki, Azərbaycan hər bir sahədə sürətlə inkişaf edir. Ölkəmizdə sahibkarlığa, qadın sahibkarlara xüsusi önəm verilir. 

Konfransda çıxış edən Azərbaycan Respublikasi Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri Bahar Muradova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədri Orxan Məmmədov və başqaları bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb və assosiasiyanın gələcək fəaliyyətinə uğurlar arzulayıblar.

Forumda paralel panel müzakirələri aparılıb.1-ci panel müzakirəsi Dövlətqurumları, Özəlsektor, Qeyri-hökumət təşkilatlarında qadınların rolunun genişləndirilməsi Səkinə Babayevanın moderatorluğu ilə keçirilib və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev qadınların rolunun mühümlüyünü vurğulayıb. Qonaq məruzəçilər qismində KAGİDERİ  darə Heyətinin sədri Emine Erdem, "Rusiya Müsəlmanlar Birliyi"-nin Sədri Nailə Ziqanşina, GİKAD İdarə Heyətinin sədri İçim Kavuklu Çağıner və "ASMAR" Qazaxıstan Qadın Sahibkarları  Mili Assosiasiyası sədri Dinara Allabergen çıxış edib.

Azərbaycanda Qadın Assosiasiyalarının, kollektiv birliklərinin uğurlu nümunələri, Dayanıqlı inkişaf yolunda qadınların iqtisadi gücləndirilməsi, Qadınların Milli Biznes Gündəliyi, İqtisadiyyatda rəqəmsallaşdırma və yeni həyat keyfiyyətinə keçiddə Dövlət qurumları ilə Özəl sektorun birgə əməkdaşlığı, "İdeyadan Biznesə, Biznesdən Kariyeraya" adı altında panel müzakirələri keçirilib.

Forum Qarabağ İncilərinin Avropa Sədası Layihəsi çərçivəsində nümayiş olunan defilə Auksionu  və şam yeməyi ilə müşayət olunan Qala gecəsi ilə yekunlaşıb.

Qeyd edək ki, konfrans çərçivəsində AQSİA-nın üzvü olan xanımların əl işlərindən ibarət sərgi təşkil olunub.