“11 gündür yata bilmirəm“ - Məleykə Əsədova
    • 18-02-2023, 11:01
    • 173

“11 gündür yata bilmirəm“ - Məleykə Əsədova

“Baş verən fəlakət mənə həddən artıq pis təsir edib, özümü yas içində hiss edirəm".

News24.az Lent.az-a istinadla xəbər verir ki, bunu Xalq artisti Məleykə Əsədova bildirib.

Onun sözlərinə görə, Türkiyədə zəlzələ xəbərləri onu çox pis sarsıdıb və 11 gündür normal şəkildə yata bilmir:

"Türkiyə bizim öz evimiz, ordakı insanlar da bacılarımız, qardaşlarımızdır. Əsəblərim korlanıb, psixoloqa müraciət etmək fikrim var. Bu böyük fəlakətdir. Mən Allaha çox inanıram. Allahın sınağı, imtahanı kimi görürəm. Təbii fəlakətdir, buna qarşı deyəcək bir sözümüz yoxdur. Əlimizdən yalnız dua etmək gəlir.

Allahın möcüzələrinə də inanıram. Bu gün dağıntılar altından çıxan hər insan bir möcüzə nümunəsidir əslində. Dünən gecə 258 saatdan sonra dağıntılar altından çıxarılmış 29 yaşlı qadın barədə məlumat verildi. Ac, susuz, tərpənmədən soyuqda, qaranlıqda dağıntı altında qalmağın nə demək olduğunu təsəvvür etmək belə çətindir. Allah bütün yaralılara, darda olanlara kömək olsun”.

M. Əsədova qeyd edib ki, zəlzələdə valideynlərini itirmiş uşaqlardan birini övladlığa götürmək istəyir.

“Amma aldığım məlumata görə uşaqları yalnız Türkiyə vətəndaşlarına övladlığa verirlər. Yoxsa götürmək istəyərdim”, - deyən aktrisa zəlzələdən zərər çəkmişlərə maddi yardım etdiyini söyləsə də, məbləği açıqlamayıb:

“Təkcə mən yardım etməmişəm ki. Bütü xalqımız edib. Yardımın böyüyü-kiçiyi olmaz və bunu açıqlamağı da düzgün hesab eləmirəm. Türk millətinin böyüklüyü onun birləşmək əzmində, yardımsevərliyindədir. Biz çətinə düşəndə bir olmağı gözəl bacarırıq. Buna görə də yenidən güclənib, yenidən dirçəlirik”.