Hamı himnimizi birgə oxudu - Bakı bulvarında fleşmob - VİDEO
    • 28-05-2019, 18:12
    • 960

Hamı himnimizi birgə oxudu - Bakı bulvarında fleşmob - VİDEO

Bu gün Bakı bulvarında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə “Himnimizi birgə oxuyaq!” adlı fləşmob təşkil olunub.

News24.az xəbər verir ki, Fləşmob azərbaycançılıq ideologiyasının rəmzi olan dövlət himnimizin əhəmiyyətinə diqqət çəkmək məqsədilə düzənlənib.

Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə əlində Azərbaycan bayrağı tutan onlarla şəhərimizin qonaqları və sakinləri iştirak edib. 3 yaşından 70 yaşadək insanların qatıldığı fləşmobda hər kəs canlı olaraq Azərbaycan himnini səsləndirib. 
Bu möhtəşəm musiqidə onları Azərbaycana olan sevgi birləşdirib.

Qeyd edək ki, tədbir təşkilatçıları fləşmoba əcnəbilərin də qatıla bilməsi üçün himnin sözlərinin yazıldığı vərəqlər paylayıb. 
Xatırladaq ki, 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul edib və bu məqsədlə müsabiqə elan olunub.

Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cümhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan verməyib.

1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" Qanun qəbul edib. 

Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilib.