USD 1.7
EUR 1.8842
TRY 0.2624
RUB 0.0214
  • Bakı 14°C
  • ŞUŞA 3°C
  • GƏNCƏ 10°C
  • LƏNKƏRAN 13°C
  • ŞƏKİ 10°C
  • QUBA 8°C
  • NAXÇIVAN 7°C

"Səhnə üçün çox darıxıram" - ELMİRA RƏHİMOVA - MÜSAHİBƏ - FOTOLAR-VİDEO

MÜSAHİBƏ / MƏDƏNİYYƏT / Video / Foto

Mətn ölçüsü

O, öz dövrünün əfsanəsidir. Minlərlə mahnılara həyat verən, şirin, məlahətli səsi ilə uşaqdan böyüyə hər kəsin ürəyini fəth edən gülərüz, həyatsevər Xalq artisti Elmira Rəhimova... 

Televiziyalardan, kameralardan uzaq qaçan sənətkar xüsusi olaraq News24.az-a müsahibə verib.

- Elmira xanım, Sizi xoş gördük, necəsiniz? Özünüzü necə hiss edirsiniz?
 
- Çox sağ olun, babatam.  Səhhətimdə problemlər var. Canımla əlləşirəm. Şəkər, təzyiq məni əldən salıb. Daima həkim nəzarətindəyəm. Bacardığım qədər özümü qorumağa çalışıram. İnsanın çan sağlığı hər şeydən daha vacibdir. 
 
- Efirlərdə, tədbirlərdə az-az görünürsünüz. Bu səhhətinizlə bağlıdır? 

- Düzdür, demək olar ki, heç yerə çıxmıram. Səhhətim imkan vermir. Məni sevənləri üzmək istəmirəm. Danışanda əziyyət çəkirəm. Fikirlərimi çatdıra bilmirəm. Ona görə də gözlərdən uzaq olmağa çalışıram.
 
- Səhnə üçün darıxırsız?
 
- Çox darıxıram. Uzun zamandır əlimə mikrafon almamışam. Daha əvvəlki kimi səsim də qalmayıb. Amma evdə hərdən özüm üçün zümzümə edirəm.
 
- Səhnəyə çıxsanız, hansı mahnını oxuyardınız? Repertuarınızda ən ürəyinizcə olan mahnı hansıdır?
 
- Mahnılar çoxdur. Onları biri-birindən fərqləndirə bilmirəm. Hamıs mənim üçün əzizdir. Hərəsi mənim üçün bir xatirədir. 

- Sizdən sonra səhnəyə hakim olan müğənnilərdən kimi bəyənirsiniz?

- Hamısını bəyənirəm. Ad çəksəm, kimisə unuda bilərəm. Heç kimi incitmək istəmirəm. Gənclərimizə ara-sıra qulaq asıram. Aralarında çox istedadlı uşaqlar var. Bu da ondan irəli gəlir ki, bizim xalqımız çox istedadlıdır. Ona görə də musiqimiz zəngindir. İnkişaf gedir, hamısına uğur arzu edirəm. Allah xalqımızı var eləsin. Mən bu xalqı da, bu vətəni də çox sevirəm. Dünyanın çox yerində olmuşam. Amma hara getmişəmsə, bura qayıtmaq üçün darıxmışam. 

- Yəqin elə bu səbəbdən də sizə olunan bir çox təklifləri geri çevirmisiniz...


- Bilirəm. Hindistan Prezidentinin oğlunun evlilk təklifini deyirsiniz (gülür). Bəli. Mən iki dəfə baş naziri Cəvahirləl Nehrunun dəvətiylə Hindistana getmişəm. Orda mənə evlilik təklifi oldu. Mən də qəbul eləmədim. Dedim ki, bu ölkəyə oxumağa gəlmişəm, ərə getməyə yox. Çünki heç zaman həyatımı Azərbaycandan kənarda təsəvvür eləmirəm. 
 
- Sizi tez-tez Hacı Nuranla görürük...

 
- O, mənim oğlumdur, onu çox istəyirəm. Tezliklə toyunu görməyi arzu edirəm. Hər fürsətdə danlayıram ki, ailə qursun. Əslində, çoxdan evlənməliydi, amma bir qərar vermir. Özünə də demişəm, sən qızı göstər, elçiliyini özüm edəcəm. Kaprizli oğlandır, hər qızı bəyənmir. Amma kiminlə evlənirsə, evlənsin onun gözəl ailəsi olacağına inanıram. 

- İstərdinizmi seçəcəyi qız sənət adamı olsun? 


- Niyə də yox? Mənim üçün gəlinimin hansı peşə sahibi olacağının fərqi yoxdur. Əsas odur halal süd əmmiş qız olsun. Nuranı xoşbəxt eləsin.

 - Elmira Rəhimovanın ən böyük arzusu nədir?

- Səhhətimin yaxşı olması. 

- Bəs, oxumaq? Səhnəyə çıxmaq ürəyinizdən keçmirmi?

- Əlbətə keçir. Bunu bəzən yuxularımda da görürəm. Kaş ki, bir dəfə ürək dolusu, gəncliyimdəki kimi oxumaq imkanım olaydı... Ötən illərə, məni cavanlığıma qaytaracaq bir ifa. Amma bilirəm ki, bu, mümkünsüzdür. Nə bir də səhnəyə çıxa, nə də o cür oxuya bilməyəcəm....

P.S. Elmira xanımdan soruşacaqlarımız həddən artıq çox idi. Amma sənətkar səhhətindəki problemdən dolayı danışmağa çətinlik çəkdiyi üçün suallarımızın çoxu cavabsız qaldı. Onu yormaq, incitmək istəmədik. Qısa vaxtda ürəyindən nə gəldisə, onu da qələmə aldıq. 

Sevda Bayramova 
FOTO: Fərid Şabanov 

Video

Xəbəri paylaş: